Paytaxt avtobuslarında kondisioner problemi nə vaxt həll olunacaq?

# 18:48
19 avqust 2021

Yay fəslinin sonuna yaxınlaşsaq da, isti hava şəraiti hələ də davam etməkdədir.

 

APA TV-nin məlumatına görə, kəskin istilər ictimai nəqliyyatda, əsasən da müntəzəm marşrut xətlərində həm sərnişinlər, həm də sürücülər üçün problem olaraq qalmaqdadır. Avtobusların əksəriyyətində kondisionerlərin olmaması sərnişinlərin gediş-gəlişini daha da ağırlaşdırır:

 

- Bax görürsünüz. Nə gözəldir. Bu gündəyik. 21-ci əsrdə yaşayırıq. Bizim avtobuslarımızın əksəriyyəti bax belədir. Çox çətindir. Ümumiyyətlə yay aylarında kondisionersiz maşına minmək əslində düzgün deyil”.

 

- Həm kondisioner yoxdur, həm pəncərələri açmırlar. Əgər hər bir avtobusa sərinləşdirmə sistemi quraşdırsalar, daha yaxşı olar hamımız üçün. Onsuz da başqa bir şansımız yoxdur. Ancaq avtobuslardan istifadə edirik. Orda da sərinlik sisteminin olmaması olduqca böyük problemdir”.

 

İsti hava şəraiti avtobuslardan gündəlik olaraq istifadə edən ürəyi zəif olan, meteohəssas insanlar üçün əsl əzaba çevrilir:

 

- Elə insan var ki istidən ürəyi dözmür. Ürəyi ağrıyır. Əziyyət çəkirik. Kondisioner olsa, yaxşı olar”.

 

- İndi hansı dövrdür ki, avtobuslarda kondisioner olmasın. Mütləq ictimai nəqliyyatda kondisioner olmalıdır”.

 

Sorğumuz onu deməyə əsas verir ki, Bakı və Bakıətrafı qəsəbələrə işləyən marşrut xətlərində sözügedən problem mövcuddur. Əksər avtobuslarda kondisionerlərin olmaması sərnişinlərdə havasızlıq, halsızlıq, ətrafa xoş olmayan tər qoxusunun yayılmasına səbəb olur.

 

Məsələnin maraqlı tərəflərindən biri, sürücülərin də sərnişinlərlə həmfikir olması və bu kimi halların onların iş rejiminə, yolda diqqətli və səbirli olmasına mənfi təsir etməsidir:

 

- Kondisionersiz işləmək çox çətindir. Kondisionerli avtobusla nə vaxt təmin olunacağımızı ancaq şirkət deyə bilər. Daşıyıcı şirkətin səlahiyyətində olan bir məsələdir”.

 

 - Həm sərnişinlər üçün, həm də sürücülər üçün çətindir. Kondisionerli avtobusun nə vaxt veriləcəyini deyə bilmərik. Biz kimik ki? Şirkət var. Yəqin nə vaxtsa olanda verərlər.

 

- Paytaxtın ictimai nəqliyyat sistemində bütün marşrut xətləri kondisionsersiz deyil. Məsələn Bakubus MMC və bir sıra digər daşıyıcı şirkətlərə məxsus avtobuslar kondisionerlərlə təmin olub. Amma...

 

- Bəzi hallarda sərnişinlərin narazılığı olur ki, niyə kondisioneri yandırmırsınız. Sürücülər də deyir ki, icazə yoxdur. Amma əslində yandırmalıdırlar kondisioneri. Düzdür, sərnişinləri kart vasitəsilə rahat şəkildə mənzil başına çatdıra bilirlər. Amma kondisioner də işləsə daha gözəl olar.

 

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, son 5 ildə Bakı şəhəri üçün alınan müasir tipli orta və iri tutumlu avtobusların hər birində sərinləndirmə sistemləri mövcuddur: “Hər il yay mövsümündən əvvəl daşıyıcılara sərinləndirnmə sistemlərinin saz vəziyyətə gətirilməsi və mövsüm ərzində işlək vəziyyətdə olması ilə bağlı xəbərdarlıq məktubu ünvanlanır. Eyni zamanda daşıyıclar qarşında davamlı olaraq istismarda olan köhnə avtobusların yenilənməsi ilə bağlı məsələ qaldırılır. Bir daha bildirmək istərdim ki, avtobus parkının yenilənməsi, müasir tələblərə uyğun, o cümlədən sərinləndirmə sistmləri olan avtobusların alınması vətəndaşlarımızın rahatlığı baxımından vacibdir və hər bir daşıyıcı da bu tələbə əməl etməlidir. Bu tələbə əməl etməyən daşıycılar mərhələ ilə marşurut şəbəkəsindən kənarlaşdırılacaq”.

 

“Bakubus” və kondisionerlə təmin olunmuş digər xətlərdə sürücülərin sərinləndirmə sistemini qəsdən işə salmaması məsələsinə də toxunan qurum rəsmisi bildirdi ki, agentlik tərəfindən bu məsələyə ciddi nəzarət var: “Bu avtobuslarda sərinləndirmə sistemlərinin işə salınması avtobus xəttə çıxmazdan əvvəl qarajda həyata keçirilir. Yəni sürücünün kondisionerin işə salınmasına müdaxilə etməsi mümkünsüzdür. Mövsüm ərzində Bakubus-ın  istismarında müəyyən xətlər üzrə avtobuslarda kondisionerləin texniki baxımdan işləməməsi ilə bağlı hallar olub. Lakin Bakı Nəqliyyat Agentliyinin tələbi əsasında bu kimi məsələlər də qısa bir vaxtda aradan qaldırılıb”.

 

Məlumat üçün bildirək ki, son 5 ildə paytaxtda istismarda olan avtobusların 46%-i yenilənib.

 

 

Həmidağa Məcidov,

Samir Qaragözov,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR