Pensiya yaşına müəyyən müddət qalanların ixtisarı qadağan olunmalıdır - Səbinə Əliyeva - APA TV

# 16:18
26 iyul 2022

“Mediasiya prosesləri zamanı əmək mübahisələrinin uğurlu həllində dövlət orqanlarının və işəgötürənlərin rolu” adlı ictimai müzakirə təşkil edilib.

 

APA TV xəbər verir ki, müzakirə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Birləşmiş Millətlər Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Komissarlığı və Mediasiya Şurasının birgə təşkilatçılığı ilə təşkil edilib.

 

İctimai müzakirənin moderatoru Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Aynur Sabitova təşkil edilən tədbirin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, təşkil edilmiş ictimai müzakirə eyni zamanda maarifləndirmə sahəsində də mühüm rol oynayır.

Ombudsman Səbinə Əliyeva isə əmək hüquqlarının müdafiəsi sahəsində Ombudsman təsisatının həyata keçirdiyi fəaliyyət, bu məqsədlə dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və beynəlxalq təşkilatlarla yaradılmış əlaqələr və həyata keçirilən layihələr barədə məlumat verib: “Pensiya yaşına çatmağa az qalmış işçilərin ixtisar yolu ilə işdən azad edilməsi və ya onların işə qəbul edilməsindən imtina olunmasının qadağan edilməsi ilə bağlı xarici ölkələrin təcrübəsi əsas götürülməklə qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsini zəruri hesab edirəm”.

 

Səbinə Əliyeva bildirib ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna yoxlamaların aparılmasını istisna edən hallara ayrıca olaraq hüquq və azadlıqların pozulması halının da əlavə edilməsi aktualdır. Onun sözlərinə görə, bununla bağlı qanunvericiliyə müvafiq əlavə və dəyişikliklərin edilməsi zəruridir.

 

Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov isə qeyd edib ki, fəaliyyətə başladığı gündən bu günədək şuraya əmək mübahisələri üzrə 1302 iş daxil olub, bunlardan 205 barışıq sazişi ilə nəticələnib və bir çox hallarda bu işlər məhkəmələrə getməyib.

 

Aysel Əliyeva,

Xəyal İsgəndərov,

APA TV

 

 

 

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR