Pensiyalarla bağlı sürpriz təklif – Kreditlər, vergilər ödənəcək...
Millət vəkili Vüqar Bayramovun Milli Məclisin komitə büdcə müzakirələrində sosial sfera ilə bağlı səsləndirdiyi təkliflərdən biri də pensiya kapitalından digər məqsədlər üçün istifadə edilməsi ilə bağlı olub. Deputat bildirib ki, mövcud qaydalara əsasən, vətəndaşlar öz yığımlarından yalnız pensiya almaq üçün istifadə edirlər. Amma bir sıra ölkələrdə pensiya kapitalından digər məqsədlər üçün istifadə etmək hüququna malikdirlər. Məsələn, bəzi ölkələrdə yığımların üçdə biri kommunal xidmətləri ödəmək, kredit qaytarmaq və s. istiqamətlər üçün istifadə edilir. Elə bu səbəbdən də millət vəkili təklif edib ki, pensiya kapitalı kifayət qədər böyük olur. Vətəndaşlarımıza pensiya yaşına çatmamış yığılan kapitaldan kommunal xidmət haqqının və ya kredit ödənişi kimi istifadə edilməsi hüququ verilsin: “Əgər vətəndaş tələb olunan pensiya kapitalını toplayıbsa o zaman ona əlavə vəsaitinin 30 faizinin başqa məqsədlər üçün istifadə etməsi məqsədəuyğun olardı. Yəni, əgər vətəndaşın 60 min manat pensiya kapitalı yığımları varsa o zaman onun 18 min manatını kredit qaytarmaq, kommunal xidmətlərin pulu ödəmək üçün istifadə etmək hüququna malik olması məqsədəuyğun olardı. Digər 42 min manat isə birbaşa pensiya ödənişləri üçün istifadə oluna bilər”.
Bir sıra hallarda vətəndaşlar kifayət qədər yüksək əmək haqqı olan sektorda çalışır və nisbətən böyük pensiya kapitalına malik olur. Amma pensiya kapitalından istifadə etmək üçün pensiya yaşını gözləmək məcburiyyətində qalır. Belə olan halda vaxtından əvvəl pensiyaya çıxmaq mümkün olarmı və bu hansı hallarda reallaşa bilər?
Vüqar Bayramovun sözlərinə görə, əgər vətəndaş tələb olunan kapitalı yığırsa o zaman vətəndaşa hüquq verilsin ki, onun pensiyası 65 yaşında deyil, 60 yaşında hesablansın”.
O ki qaldı pensiya yaşı çatmamış vəfat edən vətəndaşın pensiya kapitalının kimə ödənilməsinə: Bəzi hallarda vətəndaş 65 yaşı tamam olmadan dünyasını dəyişir. Həmin kapitaldan istifadə edə bilməyən şəxslərin pulu onların yoldaşına verilsin. Ailə üzvləri 23 yaşa qədər təhsil alırsa onlar da bu kapitaldan istifadə edə bilər. Yaxşı olar ki, vəsaitin bir hissəsinin transferi həyata keçirilsin”.
Millət vəkili onu da əlavə etdi ki, xanımlar və kişilər üçün diferensial pensiya yaşı təyin edilsin. Pensiya ilə bağlı həyata keçirilən islahatların yenidən müzakirəsi və bu istiqamətdə təkmilləşdirmənin davam etdirilməsi məqsədəuyğun olar.
Məsələ ilə bağlı deputat Vahid Əhmədovun da fikirlərini öyrəndik. Müsahibimiz bildirdi ki, pensiya ilə bağlı qanunlara dəyişiklik edilməsinin vaxtı çoxdan çatıb.
Qeyd edək ki, büdcə müzakirələri zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu istiqamətdə müzakirələrin davam etdiriləcəyini bəyan edib. Ekspertlərin fikrincə, nazirliyin müzakirələri davam etdirməsi pensiya yaşı tamam olmadan pensiyaya çıxmaq imkanını reallaşdıra bilər.
Aytən Sakitqızı,
Kamran Namazov,
APA TV