Planetin üz qabığı: taleyimiz kimin əlindədir?

# 14:48
16 avqust 2021

Bura Türkiyənin Marmaris şəhəridir. Yaxın keçmişdir. Səkkizdən çox ərazidə meşə yanır. İnsanlar bir yandan tüstü içindədir, digər yandan da ölkənin ağ ciyərlərini xilas etməyə çalışır...

 

Bu isə “The Economist” jurnalının 2021-ci il üçün nəzərdə tutulan üz qabığı. Gənc ailə divanda skafandrla əyləşib. Yanlarında oturan oğulları yarıhərbi görkəmdə yorğun haldadır. Divarda isə atom partlayışlarından qlobal istiləşməyə qədər bir çox mövzunun mini-təsviri əks olunub... Təsadüfdürmü?

 

Və ya sualı belə qoyaq: Bəzi beynəlxalq media quruluşları, eləcə də film sənayesində hökmranlıq edən nəhəng şirkətlər baş verən qlobal fəlakətləri öncədən necə bilirlər?

 

Donald Trampın hakimiyyətə gəlişi, Livandakı partlayış, Co Baydenin qələbəsi, planeti bürüyən pandemiya və ardınca gələn dəhşətli yanğın fəlakətlərinin yaratdığı havasızlıq problemi... Bir abzasa sığışan bu qədər hadisə əslində yaxın gələcəyin proqnozları ola bilərmi? Bəlkə artıq hər şeyi dəyişdirmək üçün çox gecdir?

 

1843-cü il, sentyabrın 2-də yaxın onilliklərdə qlobal hadisələrə kahinlik edəcək “The Economist” jurnalının ilk sayı dərc olunur. Lakin əvvəllər sadəcə siyasi-iqtisadi və bədii-ədəbi məsələlərin yer aldığı jurnal birdən-birə diqqət cəlb etməyə başlayır. Analitiklər kəşf edir ki, bəs axı, üz qabığındakı hadisələr zamanla həqiqətə çevrilir. Və belə bir sual yaranır: bəlkə bütün olanlar dünyanın qlobal gücləri tərəfindən planlaşdırılıb?

 

Üstəlik, “The Economist”in kiçik qardaşı, ingilis əsilli “The Time” jurnalı da xeyli vaxtdı gələcəyi proqnozlaşdırmaq iddiasındandır...

 

Gördüyünüz buraxılış Amerika-Çin iqtisadi savaşına göndərmələri ilə məşhurdur. Trampın gedişi, Böyük Britaniyanın Avropa ittifaqından çıxması və hələ onlarla fərqli ehtimal. Sanki hər şeyin nizam üzrə getdiyini sübut etməyə çalışırlar. Doğrudur, konsprioloqlar bu cür fürsətlərdən istifadə edib “dünyanı masonlar idarə edir” kimi iddialara düşürlər, ancaq daha bir sual yaranır: Bəs yaxşı, koronavirus pandemiyasının ardınca dünyanı sıfırdan başlatmağa çalışan liderlərin gözəgörünməz anti-qəhrəmanlardan fərqi nədir?

 

Ekspert Turab Rzayev bu fərqdən danışıb: “İnsanlıq həmişə tanrılıq etmək iddiasında olub. Məsələn, Misir fironları insanları öldürüb dirildəcəklərini iddia edirdilər. Lakin tarixdən də görürük ki, yer kürəsində insanlığın inkişafını, hadisələrin ardıcıllığını idarə etmək mümkün deyil. Ona görə əgər insanların idarə edilməsini yanlış sayırıqsa, buna qarşı mübarizə aparmalıyıq. Biz insan sayının hər hansı bir ferma heyvanı kimi idarə olunmasına mane olmalıyıq”.

 

Araşdırmalar göstərir ki, son bir neçə ildə Feyzbuk platforması dünyanın ilk onlayn ölkəsinə çevrilmə həddinə çatıb. Hadisələri diqqətlə müşahidə etdikdə isə təəccüblənməyə yer qalmır. Mark Zukerberqdən Bill Qeytsəcən onlarla şirkət rəhbəri planeti yeni dünya nizamına uyğun idarə etməyin vacibliyindən danışır. Hətta keçən il Azərbaycanın da içində yer aldığı Dünya İqtisadi Formunun icraçı prezidenti Klaus Şvab kapitalizmin köklü surətdə reformasiya olunmasının vacibliyindən bəhs edən məqalə hazırlamışdı. Sonra da ürəyi sakitləşmədi, bununla bağlı kitab yazdı. Qısa vaxtda irəli sürdüyü tezislər dünyanın bütün aparıcı KİV-lərinin manşetini bəzəməyə nail oldu:

 

“Bu pandemiyanın bizə bəxş etdiyi yeganə miras tragediya olmaya da bilər. Əksinə, pandemiya qarşımızda daha sağlam, ağıllı, ədalətli və tərəqqipərvər bir gələcəyin inşası, yenidən xəyal etmək və planetimizi sıfırdan başlatmaq üçün nadir və bir o qədər də dar pəncərə açır” –  Sitatın, yoxsa kapitalizm erasının da sonuna doğru yaxınlaşırıq? Əgər bütün yanğın hadisələri dünyanın təkrar yaşıllaşdırılması üçün qurulmuş plana daxildirsə, “iqlim dəyişkənliyi” termini nə qədər təbii əsaslıdır? Axı eynimotivli qəzet və jurnalların üz qabığı iqlim dəyişkənliyini belə ehtiva edir.

 

“Əlbəttə qlobal istiləşmə ilə bağlı bütün faktorları inkar edə bilmərik, ancaq görək həqiqətənmi burada hər şey insan faktorundan asılıdır? Çünki yer kürəsində hələ insanlar olmazdan öncə də dəfələrlə qlobal istiləşmə və buzlaşma baş verib. İndi bunun günahkarı insanlardırmı? Düşünürəm ki, burada böyük bir propaqanda var və insanlarımız da bəzən bu propaqandanın bir parçası olurlar”.

 

Əfsuslar olsun ki, peşəkarlıqla əsaslandırılmış təşviqat maşını təkcə iqlim dəyişikliyi ilə kifayətlənmir. Bura “Böyük sıfırlama”, “Böyük qaranlıq” kimi qorxulu adları olan layihələr də əlavə olunur: “Bəzən sırf inanılmasın deyə dezinformasiyalar buraxırlar. Məsələn, vaksinlər barədə ağıl almayacaq dərəcədə o qədər dezinformasiya buraxırlar ki, o daha sonra kimsə elmi-hüquqi əsaslarla etiraz etmək istəyəndə o insan cəmiyyət tərəfindən kənarlaşdırılır, fikirləri isə heç bir halda dinlənilmir. Mən bu cür adamları vaksin faşisti, kovid faşisti adlandırıram. Çünki öz ideyalarını faşistcəsinə müdafiə edirlər, müzakirə açmırlar”.

 

Yəni öncə plan cızılır, sonra analistlərin əliylə gələcək təxmin edilir. Nəhayət icraat başlayır və partlayış effektiylə bütün dünyanı bürüyən kütləvi xaos başlayır: İlahi, axı bu prosesləri filan KİV-dən oxumuşdum.

 

Necə ki, dünyada baş verən yanğınıları bir neçə ay öncə dərgilərin üz qabığında görmüşdük.

 

Bəs gələcəkdə hansı proqnozların gerçəkləşdiyinin şahidi olacağıq?

 

Təbii ki, dünyanın bu günü və gələcək aqibəti ilə bağlı bu cür nəhəng layihələr haqqında 3-5 dəqiqəlik süjetlə nəsə demək çətindir. Bu səbəbdən də, yaxın vaxtlarda APA TV-nin efirində eyni mövzuda hazırladığımız sənədli filmi izləyə bilərsiniz.

 

Mir Çingiz Ağazadə

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR