Plastik əməliyyat etdirən xanımlar niyə bir-birilərinə bənzəyirlər?

# 13:23
9 avqust 2022

Günümüzdə estetik əməliyyat etdirənlərin sayı sürətlə artır. Son vaxtlar qadınlarla yanaşı, əməliyyat üçün müraciət edənlər arasında kişilərə də tez-tez rast gəlinir. Ancaq müraciətlərin sayı sürətlə artsa da, bu məsələ ilə bağlı cəmiyyətin fikri heç də birmənalı deyil. Elə vətəndaşlar arasında keçirdiyimiz sorğu zamanı da bunun şahidi olduq. Şəhər sakinlərinin bəziləri düşünür ki, bu normaldır. Amma bəziləri bunu yalnız sağlamlıq xətrinə etməyin tərəfdarıdır. Bəzi mütəxəssislər düşünürlər ki, Azərbaycanda estetik əməliyyat sahəsi yetirincə inkişaf etməyib. Onların fikrincə, bu sahədə lazımi təcrübəyə sahib olmayan həkimlərə də tez-tez rast gəlinir. Məhz buna görə də əməliyyatdan sonra peşman olanların sayı az deyil. Lor-cərrah Qumru Hüseynzadənin sözlərinə görə, hər bir peşədə olduğu kimi həkimlikdə də qeyri-peşəkarlara rast gəlinir: “Amma həkimdə mütləq şəkildə vicdan hissi olmalıdır. Yaxşı bacarmadığımız bir işi boynumuza almamalıyıq. Çünki insanlar bizə öz həyatlarını əmanət edirlər.” Estetik əməliyyatlarla bağlı ən çox səsləndirilən iradlardan biri də bu proseduru keçənlərin əksəriyyətinin bir-birinə bənzəməsidir. Bəs necə olur ki, fərqli quruluşlara, cizgilərə sahib insanlar əməliyyatdan sonra bir-birinə bu qədər oxşayırlar: “Pasiyentləri bir-birinə bənzədən üzdə aparılan prosedurlardır. Dəbə gəlmiş sərt üz ovalı, dodaq, yanaq dolğusu və s. Hamı eyni şeyi edəndə bir-birinə bənzəyir”. Bəs bu qədər riskə getməyə dəyərmi? Əslində hansı hallarda estetik əməliyyata üz tutmalıyıq: “Hər hansı bir tibbi müdaxilə, tibbi əməliyyat hər zaman riskdir. Pasiyent üçün risk, həkim üçün də böyük məsuliyyətdir. Həqiqətən heç bir qüsuru yoxdursa, risk almağa dəyməz. Estetik əməliyyata gəlmək pasiyentin öz istəyi olur. Məsələn çox gözəl siması var, amma burun çox həcmlidir. Burun diqqət cəlb edir, digər gözəl cizgilərin görünməsinə imkan vermir. Bu zaman əməliyyatı tövsiyə edirəm. Belə pasiyentər əməliyyatdan sonra gözəlləşirlər, həyatları dəyişir. Onda risk almağa dəyər.” Psixoloq Vəfa Əkbər də düşünür ki, insanları plastik əməliyyatlara daha çox yönləndirən uşaqlıqdan başlayan komplekslərdir: “Çox vaxt özgüvəni əskik olan, uzun müddət fiziki görünüşüylə diqqət cəlb edə bilməyən insanlar belə düşünür ki, onların bəyənilməməsi, çevrəsinin az olmasının səbəbi fiziki görünüşüylə əlaqəlidir. Buna görə də ilk fürsətdə plastik əməliyyatlara üz tuturlar. Xanımların 10 nəfərindən 5-i artıq bir-birinə bənzəyir. Bu amil get-gedə standartlaşır. Bu da spesifikliyi, özünəməxsusluğu itirir. Xanımlar bunun fərqində deyillər. Bir az da çoxalandan sonra fərqinə varacaqlar”. Bəlkə də heç fərqinə varmayacaqlar. Gözəllik saydıqları şeyin naminə bütün risklərə getməyə davam edəcəklər. Düzdür, “gözəllik qurban tələb edir” deyiblər. Ancaq unutmaq olmaz ki, bu qurban qətiyyən sağlamlığımız olmamalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR