Plastik əməliyyat etdirənlər DİQQƏT: Bu sənədləri mütləq dəyişdirin

# 10:47
15 avqust 2022

Daha gənc görünmək həvəsiylə çoxları plastik cərrahlara müraciət edir. Üz  ovalının, konturlarının dəyişdirilməsi, qaşların formasının yenilənməsi, göz qapaqlarının gərilməsi, boyun uzadılması və s. kimi üz əməliyyatları pasiyenti sanki yenidən yaradır. Nəticədə insan tamamilə fərqli birinə çevrilir.

Bəs bu cür köklü dəyişikliklər kriminal vəziyyətə, cinayət-axtarış proseslərinə nə dərəcədə təsir edə bilər? Ümumiyyətlə, üz quruluşunu nə dərəcədə dəyişmək mümkündür? Ölkəmizdə bununla bağlı hansısa məhdudiyyət varmı? Pasient üzündə ciddi dəyişiklik etmək istədikdə hansısa quruma məlumat verməlidirmi?

 

Plastik cərrah Ülviyyə Ağazadənin sözlərinə görə, insan üzündə ciddi dəyişiklik olarsa, pasiyentə şəxsiyyət vəsiqəsinin yenilənməsi tövsiyə olunur: “Pasiyentlər daha çox bədənlərində və burunlarında dəyişiklik etməyi sevirlər. Bir də bəlli bir yaşdan sonra sözsüz ki, bəzi əməliyyatları cavanlaşmaq məqsədilə edirlər. Hansısa say məhdudiyyət yoxdur. Üzdə olan əməliyyatlarda pasiyent çox dəyişilərsə, ona xəbərdarlıq edirik ki, şəxsiyyət vəsiqəsini və xarici pasportunu dəyişsin. Çünki sonra problem yaşayır. Bununla əlaqəli epikriz veririk, o da müraciət edib dəyişdirir. Pasient bu cəhətdən sərbəstdi, ölkədə istədiyi əməliyyatı elətdirə bilər, cinsiyyət dəyişikliyindən başqa”.

 

Cərrah bildirir ki, ehtiyacdan ziyadə, asılılıq halına gəlmiş estetik əməliyyatların sonunda həm sağlamlıq problemləri, həm də qeydiyyat, sənəd işlərində qarışıqlıq yaranır.

Bəs kriminal durumlarda üzdəki ciddi dəyişikliklər şəxsin tapılmasında hansısa problemlər yaradırmı? Kriminalist Teymur Baloğlanov şəxsiyyətin müəyyən edilməsində plastik əməliyyatların problem yaratmadığını deyir: “Üzdəki ciddi dəyişiklik, o cümlədən kosmetik cərrahiyyə vasitəsilə xarici görkəmin dəyişdirilməsi insanın şəxsiyyətinin müəyyənləşdirilməsi üçün heç bir problem yaratmır. Artıq hamıya məlumdur ki, bir neçə ildir Azərbaycanda yeni şəxsiyyət vəsiqələrinə keçid olub. Bu şəxsiyyət vəsiqələri verilərkən hər bir vətəndaşın barmaq izləri də qeydiyyata alınır, kodlaşdırılır. Ona görə şəxsiyyət müəyyənləşdirilərkən xarici görkəmin heç bir əhəmiyyəti və ya təsiri yoxdur. Kriminalistika sahəsində isə barmaq izləri vasitəsilə şəxsiyyətin müəyyənləşdirilməsi cinayət yerində aşkar edilmiş barmaq izlərinin eyniləşdirilməsi yolu ilə cinayət törətmiş şəxsin müəyyən daktilaskopiya ekspertizası vasitəsilə müəyyən edilir. Bu daktilaskopiya ekspertizasının köməyi ilə təkcə cinayət hadisələri zamanı yox, həmçinin ciddi qəzalar zamanı, əsasən də təyyarə qəzalarında insanların şəxsiyyəti müəyyənləşdirilir. Ona görə də kosmetik cərrahiyyənin insanın şəxsiyyətinin müəyyənləşdirilməsinə hər hansısa bir çətinlik törədə biləcəyini düşünmək, mənim fikrimcə, düzgün deyil”.

 

Bəs fundamental əməliyyatlarla bağlı aidiyyəti qurumlar nə düşünür?

Bu pasiyentlər şəxsiyyət vəsiqələrin mütləq dəyişməlidirlərmi?  “Plastik əməliyyatla insanın üzündə tam dəyişiklik edilibsə o, bu halda mütləq qaydada şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi barədə müraciət etməlidir. Cərrahi müdaxiləylə insanın üz cizgilərində tam dəyişikliklər olduqda tibbi arayış təqdim edilir. Nəticədə şəxsiyyət vəsiqəsi yenisiylə əvəz edilir. Bu qayda hər əməliyyata aid deyil. Əməliyyatı həyata keçirən həkimlər bu barədə pasiyenti məlumatlandırırlar. Ölkəmizdə insan sifətini tam dəyişdirən cərrahiyyə əməliyyatları aparılmır, bunun üçün əsaslar olmalıdır”.

 

 

Mütəxəssislər onu da bildirirlər ki, xarici ölkələrdə plastik əməliyyat etdirib ölkəyə qayıtmaq istəyən şəxslər daha diqqətli olmalıdırlar. Çünki şəxsiyyət vəsiqəsi tanınmasa, günlərlə hava limanında qala, kimliyinin təsdiqi üçün hüquqi prosedurlara başlamağa məcbur ola bilərlər.

 

Vüsalə Əmirxanova

Kamran Namazov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR