Polad Həşimovun anası: “Ən böyük arzusu idi Şuşaya bayrağı Polad sancsın”

# 17:33
27 sentyabr 2021

Hər şey onunla başladı. Polad Həşimovla. 30 ildir gözləyən xalqın səbr kasası onun ölüm xəbəri ilə doldu. Sentyabrın 27-dən başlayan və 44 gün çəkən Vətən Müharibəsində Poladın və Polad kimi bu vətən üçün canından keçən bütün oğulların qisası alındı düşməndən. İndi azad olunmuş bu torpaqlarda, Şuşada gəzmək ən çox o şəhidlərin valideynlərinin, uşaqlarının haqqıdır. Elə Milli Qəhrəman Polad Həşimovun anası Səmayə xanımı da Şuşada görəndə çox sevindik. Çünki bu torpaqlarda addımlamağa, Şuşanı görməyə ən çox layiq olanlardan biridir Səmayə ana.

 

- Bu günü bizə yaşadan oğullarımızın, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun qarşısında baş əyirəm.

 

- Bu gün Sizinlə İsa Bulağında görüşürük.

 

- Hə, qızım mənim üçün bura gəlmək həm sevincli, həm də ağırdır. Ürək ağrısı keçirirəm. Yol gələrkən dağılmış binalara baxdım, ağladım. Dedim ay allah, bu dağları, dərələri mənim balam görən nə qədər gəzib… Ürəyimdən bir allahın, qızım, bir də özümün xəbərim olur.

 

- Bu gün gördüyünüz Şuşa sizə nə deyir?

 

- Şuşanı dünənlə müqayisə etmək olmaz. Şükür düşmənin tapdağından azad olub. Əgər bu gün burda xalqımızın övladları çalıb, oxuya bilirsə, deməli millətimiz üçün bir fərəhdir. Erməni Şuşa, Qarabağ bizimdir deyirdi. Bu gün Qarabağ Azərbaycanındır. Bilirsiniz indi onlar sıxılır, ürəkləri partlayıb ölürlər. İllərdir biz sıxılırdıq. Onu da bilsinlər ki, Azərbaycan xalqının dəyanətli, mərd, igid oğulları var, əgər bir də başlarını qaldırsalar İrəvandan çıxacaqlar.

 

- Biz Vətən savaşında qələbəmizi Polad Həşimovun ardınca gedən Azərbaycan əsgərinin sayəsində qazandıq. Oğlunuzla, Şuşa ilə bağlı söhbətiniz olmuşdumu?

 

- Hə. Bəlkə də ən böyük arzusu idi Şuşaya bayrağı Polad sancsın. Bunu öz çıxışlarında deyib, dəfələrlə mənim yanımda söhbət edəndə də. O qədər deyirdim ki, Polad da bəsdir, evimizə gəl… Deyirdi, Şuşaya bayrağı sancıb gələcəm. Deyirdi, 28 ildir ordudayam elə belə gələ bilmərəm, bayrağımızı Şuşaya aparaq sonra. Bu bayrağı Şuşada oğlum sanca bilmədi. Elə ona görə də Şuşaya xəstə yatağımdan qalxıb gəlmişəm ki, qoy mənim balamın ruhu şad olsun. Dedim, gedim Şuşadan bir balaca, İsa bulağından torpaq götürüm onun məzarı üstünə səpim ki, ruhu şad olsun! Vətən savaşı 14 iyuldan, bir generalın ölümü ilə başladı. Polad Həşimovun. Xalqın balaları, bizim şanlı ordumuz, əsgər və generallarımız, biz Poladın qanını yerdə qoymayacağıq deyib dəmir yumruqlarını birləşdirdilər, polad biləkli, dəmir yumruqlarla gəldilər və bizim Qarabağ torpağımızı, Poladın qanını almaq üçün düşmən tapdağından azad elədilər. Zəfər yolunun başlanğıcı Poladındır. Vətən Müharibəsinin şəhidləri Polad deyib getdilər, ruhları qarşısında baş əyirəm.

 

- Arzularınız?

 

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası kimi, xalqımızı azad torpaqlarımızda, Şuşa da firavan görmək istəyirəm.

 

Çəkilişə göstərdiyi dəstəyə görə, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyinə, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə və Daxili İşlər Nazirliyinə təşəkkür edirik.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR