Prezident İlham Əliyev və Nikol Paşinyan arasında görüş keçiriləcək? - NAZİR AÇIQLADI
“Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında hər hansı görüşün keçiriləcəyi ilə bağlı məlumat yoxdur”.
APA TV-nin xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir müharibədən sonra Moskvada Azərbaycan Prezidentinin Ermənistanın Baş naziri ilə görüşdüyünü xatırladıb.
XİN rəhbəri gələcəkdə Azərbaycan və Ermənistan liderlərinin görüşünün mümkünlüyünü istisna etməyib.
Ceyhun Bayramov bildirib ki, işğaldan azad edilmiş ərazilərin bərpa edilməsi qarşıda duran əsas prioritetdir: “Bu, dəfələrlə qeyd olunub, bu məsələyə Prezident İlham Əliyev də xüsusi önəm və diqqət yetirir. Ərazilərin bərpa edilməsi, uzun illər ərzində həmin torpaqlarda həsrətlə yaşamaq ümidi olan insanların təhlükəsiz qayıdışının təmin edilməsi əsas vəzifələrdəndir. Bu istiqamətlərlə bağlı dövlətimiz tərəfindən nəhəng işlər görülür. Bu gün bu Qlobal Bakı Forumunda iştirak edən keçmiş dövlət başçıları, Nobel mükafatı laureatları və digərləri hətta xəbərlərdən, internetdən əldə etdiyi görüntülərdən sonra öz təəccüblərini gizlədə bilmirlər ki, qısa zaman ərzində artıq Azərbaycan bu qədər iş görüb. Qısa müddət ərzində beynəlxalq hava limanının açılması, böyük şəhərlərimizin baş planının təsdiq edilməsi, müxtəlif istiqamətlərdə yeni magistralların, dəmir yollarının tikintisi, bərpası, infrastrukturun bərpa edilməsi, iş yerləri ilə bağlı planlar, alternativ enerji mənbələrindən istifadə ilə bağlı layihələr artıq aylar sonra reallaşır. Azərbaycan burada yalnız dağıdılmış deyil, eyni zamanda Ermənistan tərəfindən 30 il ərzində minalarla çirkləndirilmiş əraziləri bərpa edir. Bu işlərin nə qədər çətin, böyük və mürəkkəb proses olduğunu biz hər birimiz yaxşı anlayırıq. Yalnız beynəlxalq hava limanının ərazisindən 1200-dən artıq mina təmizlənib. Yalnız bir hava limanı ərazisindən bu qədər mina təmizləndiyini nəzərə alsaq, təsəvvür etmək olar ki, burada işlər hansı sürətlə gedib”.
Xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla görüşün planlaşdırılıb-planlaşdırılmamasına da aydınlıq gətirib.
Ceyhun Bayramov bildirib ki, Ermənistanla Azərbaycan arasında postmünaqişə dövrünə aid olan bir sıra məsələ var: “Burada həm nəqliyyat kommunikasiyalarının açılması, eyni zamanda Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesi mövcuddur. Dövlətlər arasında sərhədlərin müəyyən edilməsinin müəyyən qaydaları var və bu proses baş verməlidir. Bu və digər humanitar tipli məsələlər, mina xəritələrin təhvil verilməsi ilə bağlı çoxsaylı təşəbbüs var. Azərbaycan tərəfi heç zaman danışıqlardan çəkinməyib, danışıqlara hər zaman qarşılıq verib. Bizim mövqeyimiz ədalətlidir, beynəlxalq hüquqa əsaslanır. Ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipləri əsasında münasibətləri normallaşdırmağa hazırıq. Bunun üçün hər hansı görüş keçirmək lazım olacaqsa, biz bu görüşlərə açığıq”.
“Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpa və yenidən qurulması ilə paralel olaraq beynəlxalq müstəvidə də dost ölkələrlə bu istiqamətdə əməkdaşlıq edir” deyən Xarici işlər naziri bildirib ki, ərazilərlə, təcavüzün fəsadları ilə bağlı həm beynəlxalq təşkilatlar məlumatlandırılır, həm aidiyyəti üzrə müvafiq konvensiyalara uyğun olaraq sənədlərin hazırlanması, bir sıra konvensiyalar üzrə Azərbaycanın Ermənistana qarşı məhkəmə işləri, iddialar qaldırılması ilə bağlı iş aparılır: “Eyni zamanda qeyd etmək istərdim ki, bir sıra digər konvensiyalar üzrə də hazırlıq işləri gedir. Azərbaycanın enerji və təbii sərvətlərinin talan edilməsi ilə bağlı ətraf mühitə dair Bern konvensiyası əsasında sənədlərin hazırlanması istiqamətində hazırda bizim mütəxəssislər beynəlxalq hüquqşünaslarla birlikdə işlər aparır. Bu istiqamətdə də müvafiq addımlar yaxın zamanlarda atılacaq. Bütün bunlarla yanaşı, Azərbaycan Prezident İlham Əliyev tərəfindən dəfələrlə qeyd edilib ki, bütün bunlara baxmayaraq biz gələcəyə baxmalıyıq. Azərbaycan gələcəyə baxır. Azərbaycan müharibə qalibi olaraq öz xoş niyyətini göstərir”.
Azərbaycan XİN başçısı bəyan edib ki, müharibədən sonra da danışıqlara açıq olduğumuzu dəfələrlə bəyan etmişik: “Biz hər birimiz Vətənimiz, xalqımız, dövlətimiz üçün çox tarixi günləri yaşayırıq. Bir neçə gündən sonra ölkəmizin 30 illik müstəqillik tarixində ən böyük çağırış, ən böyük problem olan keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsinin həll edilməsi, Azərbaycan torpaqlarının işğaldan azad olunması və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini - böyük Zəfərimizi qeyd edəcəyik”.
Nazir bildirib ki, bu istiqamətdə ən böyük nəticə başda Ali Baş Komandan İlham Əliyev olmaqla bütün xalqın, Azərbaycan dövlətinin birgə mövqeyi, birliyi, sərgilədiyi iradənin nəticəsi idi: “Biz burada Müzəffər Azərbaycan Ordusunun xidmətlərini xüsusi olaraq qeyd edərək şəhidlərimizin ruhu qarşısında baş əyirik Onların canı və qanı bahasına əldə edilmiş bu qələbə bütün Azərbaycan xalqına məxsusdur. Azərbaycan xalqı bu qələbə ilə onu göstərdi, onu sübut etdi ki, Azərbaycan xalqı çox ulu, böyük bir xalqdır. Azərbaycan xalqı qarşılıqlı addım atmağa hazır olan bir xalqdır. Azərbaycan xalqı, Azərbaycan dövləti 30 ilə yaxın bir müddət ərzində əlindən gələni etdi ki, bu məsələ siyasi yolla həll edilsin. Və biz bu prosesə sadiqik. Hər biriniz də şahid olmusunuz ki, müxtəlif dövrdə Azərbaycan müxtəlif vəziyyətlərdə olarkən danışıqlar prosesindən çəkinməyib. Danışıqlar prosesinə biz heç vaxt yox deməmişik. Bunu müharibədən öncə də, müharibə zamanı da beynəlxalq ictimaiyyət, vasitəçi dövlətlər tərəfindən olan bütün çağırışlara Azərbaycan qarşılıq verib. Müharibədən sonra da biz danışıqlara açıq olmağımızı dəfələrlə bəyan etmişik. Hər zaman Azərbaycanın mövqeyi çox prinsipial və ədalətli olub. Biz beynəlxalq hüququn, tarixi ədalətin bərpa edilməsini tələb etmişik, bunda israrlı olmuşuq”.
Medianın çoxsaylı suallarını cavablandıran nazir İran maşınlarının Qarabağa qanunsuz səfəri ilə bağlı Tehranla aparılan danışıqlara aydınlıq gətirib: “Azərbaycanın Qarabağ bölgəsinə İrandan maşınların keçməsi ilə bağlı narahatlığımız İran tərəfinə çatdırılmışdı. Buna baxmayaraq, belə hallar davam etmişdi”.
Nazir bildirib ki, daha sonra Azərbaycan ərazisində yoxlama tədbirləri keçirilən zaman İran şirkətlərinə məxsus iki nəqliyyat vasitəsinin qanunsuz olaraq Azərbaycan ərazisinə daxil olması faktları aşkar edilmiş, həmin sürücülər saxlanılmış, maşınlar müsadirə edilmişdi: “Sonradan müxtəlif istiqamətlər, o cümlədən diplomatik kanallar vasitəsilə danışıqlar davam etdirildi. Hesab edirəm ki, bu istiqamətdə normal nəticə əldə olundu. İranın Şəhərsalma və Nəqliyyat Nazirliyi daxilində olan müvafiq qurum tərəfindən bu istiqamətlə bağlı rəsmi açıqlama verilmişdi”.
XİN başçısı qeyd edib ki, bu, Azərbaycan ərazilərinə yalnız qanuni giriş-çıxış məntəqələri vasitəsi ilə maşınların giriş-çıxışına icazə verilməsi, qanuni yollarla olmadan hər hansı ticarət müqavilələrinin bağlanmaması istiqamətində bir açıqlama olub: “Eyni zamanda Azərbaycan tərəfindən humanist addım atılaraq, həmin 2 sürücü və nəqliyyat vasitələri də İran tərəfində verilmişdi. İstənilən iki ölkə arasında hansısa məsələlərlə bağlı fikri ayrılıqları ola bilər. Azərbaycan hər zaman bu məsələlərin dialoq, qarşılıqlı münasibət, qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında həll edilməsinin tərəfdarıdır. Düşünürəm ki, bu istiqamətdə işlər davam edəcək. İran tərəfindən də son həftələr ərzində bu istiqamətdə müsbət mesajlar səsləndirilib. Biz həmin mesajları da müsbət qarşılayırıq. Bizim məqsədimiz də məhz odur ki, İran dövləti ilə münasibətlərimiz keçmişdə olduğu kimi, müsbət müstəvidə inkişaf etsin”.
Nazir əlavə edib ki, Ermənistanın öz inkişafı üçün Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmasının alternativi yoxdur.
Nazir bildirib ki, kommunikasiya xətlərinin açılması halında Azərbaycan Ermənistan üzərindən Naxçıvan MR və daha sonra Türkiyə ilə daha qısa alternativ yol əldə edir: “Hesab edirəm ki, bu, həm ölkələrimizin daha da sıx birləşməsi, həm də ölkələrin iqtisadiyyatı üçün yaxşıdır. Eyni zamanda bu və ya digər inteqrasiya layihələrinin Cənubi Qafqazda həyata keçirilməsi bütün bölgə ölkələri, o cümlədən Ermənistan üçün böyük üstünlük, imkandır. Hesab edirik ki, Ermənistan bunu nə qədər tez anlayarsa, onun üçün bir o qədər yaxşı olar. Biz bunu deyirik. Beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, ərazi bütövlüyünə hörmət, sərhədlərin toxunulmazlığı əsasında münasibətlərin normallaşmasının tərəfdarıyıq”.
Nazirin Cənubi Qafqaz və daha geniş coğrafiyada gələcək illərdə yeni layihələrin reallaşmasının şahidi olacağımızı qeyd edib.
Sevinc Vaqifqızı,
Üzeyir Ağayev,
APA TV
DİGƏR XƏBƏRLƏR

Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışı oldu – APA TV

Azərbaycanda körpülər niyə selə dözmür?

FHN əməkdaşları “Kazkutkaru-2023” beynəlxalq xilasetmə yarışında iştirak ediblər
