Prezidentin köməkçisi: “Cənubi Qafqazda regional siyasət köklü sürətdə dəyişib”

# 22:10
5 noyabr 2021

ADA Universitetində “44 Günlük Zəfər Yolu” mövzusunda konfrans keçirilib.

 

APA TV xəbər verir ki, Konfrans Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra çıxış edən Universitetin rektoru Hafiz Paşayev 44 günlük Vətən Müharibəsində qazanılan zəfərin əhəmiyyətindən danışıb.

 

 “Bugünkü konfrans nəhayət bizə imkan verir ki, xalqımızı, Ali Baş Komandan İlham Əliyevi, Ordumuzu təbrik edək. Biz bura torpaqlarımızın işğaldan azad olunmasının ilk ilini xüsusi qeyd etmək üçün toplaşmışıq. Bir il bundan əvvəl başlamış müharibə 44 gün davam etmiş və çox şərəfli bir qələbə və zəfərlə yekunlaşıb”.

 

Daha sonra rektor ABŞ-da səfir işləyən zaman Ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. O, çıxışı zamanı Ümummilli lider Heydər Əliyevin beynəlxalq tədbirlərdə xarici nümayəndələrə dərs izah edirmiş kimi Qarabağ problemi barədə danışdığı bildirib. Sonda rektor Hafiz Paşayev Vətən müharibəsində iştirak etmiş ADA Universitetinin məzunlarını səhnəyə dəvət edib, onların simasında Müzəffər Azərbaycan Ordusunu Zəfər günü münasibətilə təbrik edib.

 

Konfransda Vətən müharibəsi dövründə Prezident, Ali Baş Komandan İlham Əliyevin çıxışları, yerli və xarici mediaya müsahibələri, Vətən Müharibəsindən sonra azad edilmiş ərazilərə səfərləri, müsahibələri əsasında hazırlanmış videoçarx nümayiş olunub.

 

Daha sonra çıxış edən Xarici işlər naziri Ceyhun Bayramova Azərbaycan əsgərinin öz torpağında döyüşdüyünü və dövlət sərhədlərini bərpa etdiyini bildirib:

 

 “Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə tarixi ədaləti, Beynəlxalq hüququ bərpa edərək 30 ilə yaxın davam edən işğala son qoyub. Bu gün bu fürsətdən istifadə edərək, ali amal, ali məqsəd ətrafında Azərbaycan xalqını birləşdirən və bizə bu sevinci yaşadan Ali Baş Komandan, cənab İlham Əliyevə öz dərin minnətdarlığımızı bildirmək istərdim. Azərbaycan Ordusunun şücaətini, qəhrəmanlığını xüsusi qeyd edərək 4 ildə işğal olunmuş ərazilərimizi 44 gün ərzində azad edərək, tariximizin ən şalı səhifəsinin yazılmasında müstəsna xidmətlərini qeyd etmək istərdik. Canlarından keçmiş şəhidlərimizin əzizi ruhu qarşısında baş əyirik”.

 

Nazir Ceyhun Bayramov Vətən Müharibəsi dövründə xalqın necə birləşdiyinə də diqqət çəkib. O, Azərbaycan cəmiyyətinin inandığı milli dəyərlərə sadiq qalaraq parçalanmadığını qeyd edib.

 

 “Azərbaycan cəmiyyəti Heydər Əliyev fenomeni ətrafında cəmləşərək, onun apardığı siyasətə tam dəstək verərək, bütün çətinliklərə  ağırlıqlara dözdü və addım-addım inkişaf yoluna start verdi”.

 

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də öz növbəsində Zəfər günü münasibətilə Silahlı Qüvvələrin Ali Baş Komandanına, Azərbaycan Ordusuna, Azərbaycan xalqına təşəkkürünü və minnətdarlığını bildirib. Çıxışı zamanı o qeyd edib ki, Vətən Müharibəsindən sonra regionda dəyişikliklər olub:

 

 “Düşünürəm ki, Azərbaycan diplomatiyası da bu proses çərçivəsində möhtərəm cənab prezidentin yürütdüyü xarici Siyasətə uyğun olaraq, günbəgün, dəqiqəbədəqiqə illər ərazində bu məqama yetişdi və 44 günlük Vətən müharibəsinin aparılmasında Azərbaycan Silahlı Qüvvələrinin bu uğurlu əməliyyatının diplomatik çərçivələri və diplomatik əsasları formalaşdırıldı ki, bütün  beynəlxalq ictimaiyyət də bu reallığı, bu ədaləti qəbul etdi. 8 noyabr Azərbaycanın Zəfər günü və nəticə etibarilə 10 noyabr bəyanatının imzalanmasından sonra Cənubi Qafqazda regional siyasət köklü sürətdə dəyişdi. Artıq biz  yeni reallıqlarla üzbəüzük”

 

Vətən müharibəsi iştirakçısı Vasif Dilavərzadə isə Azərbaycan hərbçilərinin şücaətindən, Ordumuzun gücündən, şəxsi heyətin müharibə zamanı həm xalqa, həm də Ali Baş komandan inamından danışıb. 4 medalla təltif olunmuş Vətən müharibəsinin qazisi qeyd edib ki, bu qələbənin qazanılmasında iştirak etdiyinə görə qurur duyur.

 

Daha sonra çıxış edən Altınbaş Universitetinin rektoru, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Çağrı Erhan Vətən müharibəsi dövründə Türkiyədə yaşayış məntəqələrində Azərbaycan və Türkiyə bayraqlarının birgə dalğalandığını bildirib. O qeyd edib ki, müharibənin taleyini cəsur Azərbaycan əsgəri həll edib.

 

Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko isə öz növbəsində nəzərə çatdırıb ki, Azərbaycan Ordusu əks-hücum zamanı qarşıya qoyulan hədəfə nail oldu. Vətən müharibəsi ərəfəsində Rusiyanın fəaliyyətindən də danışan ekspert bildirib ki, müharibənin ilk dövründə Rusiya Azərbaycan və Ermənistanla yaxşı münasibətlərdən istifadə edərək müharibəni dayandırmağa çalışıb.

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR