Prezidentin köməkçisindən mina xəbərdarlığı
Bir neçə aydır ki, Azərbaycan və Ermənistan gündəminin əsas mövzularından biri sülh müqaviləsinin bağlanması ilə bağlıdır. Maraqlıdır ki, bəzi ekspertlər tərəflərin sülh bağlanması ilə bağlı razılıqları dekabrın 9-da keçiriləcək Brüssel görüşündə əldə edəcəyini iddia edirlər. Bəs Soçidə qəbul olunmuş bəyanatın yerinə yetirilməsi istiqamətində hansısa işlər görülürmü?
Məsələ ilə bağlı jurnalistlərin suallarını cavablandıran Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, rəsmi Bakı Ermənistanla sülh sazişinin imzalanması prosesi üzrə danışıqlara başlamağa hazırdır. O əlavə edib ki, Soçi görüşünün nəticələrini Azərbaycan müsbət qiymətləndirir: “Görüşün nəticəsi olaraq qəbul olunmuş bəyanatda bu məqamlar da qeyd olunub. Burada xüsusilə nəqliyyat dəhlizlərinin açılmasını qeyd etmək istərdim. Bu Zəngəzur dəhlizi ilə əlaqədar olan məsələlərdr ki, bu xüsusda da sənəddə də qeyd olunub ki, qısa müddət ərzində Azərbaycan Ermənistan və Rusiya arasında yaradılmış nəqliyyat məsələləri üzrə işçi qrup çərçivəsində tezliklə görüşlər keçirilsin və belə görüş də dünən Moskva şəhərində baş tutub. Digər məsələlər barədə də müxtəlif müzakirələr aparılır”
Ermənistan tərəfdən sərhəddə vəziyyətin gərgin olması ilə bağlı yayılan məlumatlara münasibət bildirən Hikmət Hacıyev deyib ki, vəziyyət sabit olaraq qalır, Azərbaycanın hərbi qulluqçuları ölkənin suveren ərazilərində xidmətlərini yerinə yetirirlər.
Daha sonra isə Hikmət Hacıyev beynəlxalq ictimaiyyəti Azərbaycanın minatəmizləmə fəaliyyətinə dəstək verməyə çağırıb: “Mina problemi hələ də qalmaqdadır. Bu, ümumiyyətlə, Ermənistanın Azərbaycana qarşı uzun illər həyata keçirdiyi mənfur siyasətinin növbəti nümunəsidir. Bu ərazilərin kütləvi şəkildə minalanmasında Ermənistanın əsas məqsədi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində quruculuq işlərinə və məcburi köçkünlərin qayıdışı prosesinə mane olmaq və maksimum dərəcədə mülki şəxslər və hərbçilər arasında ölüm hallarına nail olmaqdır. Minaların hansı məqsədlə basdırıldığını hər kəs yaxşı başa düşür. İnsanların daşıdığı vəzifədən və statusundan asılı olmayaraq, mina öz qurbanlarını gözləyir. Təəssüflər olsun ki, Ermənistan tərəfindən də Azərbaycan ərazilərinin minalarla çirkləndirilməsi həyata keçirilib. Azərbaycan Respublikası beynəlxalq ictimaiyyət qarşısında da bu məsələni qaldırıb. Bir daha beynəlxalq ictimaiyyətə müraciət etmək istəyirik ki, bu məsələdə məlumatlandırma artırılmalıdır. Azərbaycanın minatəmizləmə fəaliyyətlərinə də dəstək artırılmalıdır. Xüsusilə BMT və onun strukturları tərəfindən dəstəyin artırılmasına ehtiyac var”.
Vətəndaşların da mina qurbanı olmasına gəlincə isə, o əlavə edib ki, işğaldan azad olunmuş ərazilərə gedərkən diqqətli olmaq lazımdır, çünki hər bir insan minanın potensial qurbanı ola bilər.
Fuad Sadıqov
Xəyal İskəndərov
APA TV
DİGƏR XƏBƏRLƏR

AZAL quş vurmaq üçün ovçu axtarır

Yəhudi yazıçı: “İran qorxur ki, İsrail Azərbaycan ərazisindən zərbələr endirər”

“Ukraynanın bu il müharibədə qalib gələcəyinə inanmıram” - ABŞ-ın Baş Qərargah rəisi
