Prezidentin xüsusi nümayəndəsi: “Ağdamın cənnətə çevrilmiş halını görəcəyik”

# 22:58
4 iyun 2021

“Ağdam şəhəri üzrə minatəmizləmə işləri sürətlə və davamlı olaraq həyata keçirilir”.

 

APA TV-nin əməkdaşı xəbər verir ki, bunu Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

 

“44 günlük Vətən müharibəsi nəticəsində Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuz 30 ildən çox işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad edib. Bu böyük qələbənin nəticəsi olaraq Prezidentin tapşırığı ilə işğaldan azad olunmuş ərazilərin bərpası üzrə xüsusi qərargah yaradılıb. Əlaqələndirmə qərargahı çərçivəsində bütün aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları birgə fəaliyyət göstərərək, əlaqələndirilmiş şəkildə bu ərazilərdə müvafiq bərpa-quruculuq işləri həyata keçirir. O cümlədən Ağdam rayonu da istisna deyil”.

 

E. Hüseynov bildirib ki, Prezidentin sərəncamı ilə Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsi üzrə xüsusi nümayəndəlik təsis olunub, ilkin olaraq Ağdamın Baş planının təqdimatı keçirilib: “Ağdamın tanınmış ziyalıları və ictimai xadimlərinin iştirakı ilə bu təqdimatda şəhərin gələcək görkəmi təqdim edilib. Tikiləcək bir sıra mühüm tarixi-mədəni, ictimai dövlət qurumlarının təməlqoyma mərasimi keçirilib”.

 

Xüsusi nümayəndə qeyd edib ki, media-turun məqsədi Azərbaycan ictimaiyyəti və media mənsublarının tarixi-mədəni irsimizə, abidələrimizə vurulan ziyanı mümkün qədər görməsi, bədxah qonşularımızın, işğalçıların, vandalların vəhşiliklərinin şahidi olması və bunun tarixdə qalması, əksini tapmasıdır: “Sonrakı mərhələdə dəymiş zərərin qiymətləndirilməsi işləri gedəcək və gedir. Bunun ardınca Prezidentin tapşırığı ilə mədəni irsimizin bərpası işləri həyata keçiriləcək”.

 

“Əlaqələndirmə qərargahı çərçivəsində məcburi köçkünlərin və əhalinin repatriasiyası ilə bağlı xüsusi işçi qrupu fəaliyyət göstərir”.

Xüsusi nümayəndənin sözlərinə görə, ən vacib yanaşma ondan ibarətdir ki, burada həm dövlət, həm vətəndaş, həm də özəl qurumlar birgə fəaliyyət göstərməlidir: “Artıq bununla bağlı məcburi köçkünlər arasında ADA Universiteti tərəfindən onlayn sorğu və müsahibə-sorğular keçirilir. Burada məqsəd insanların yalnız fiziki olaraq bura köçməsi deyil, həm də burada müvafiq iş yerlərinin açılmasıdır. Bu proses davam edəcək. Prezidentin dediyi kimi, tək Ağdamı deyil, bütün Qarabağı cənnətə çevirəcəyik”.

 

"Ağdamda mövcud olan faydalı təbbi qazıntılar həmin müqayisəli üstünlüyün reallaşması üçün zəmin yaradır".

Ağdam rayonunun tarixən coğrafi olaraq Qarabağın ən böyük rayonu olduğunu bildirən xüsusi nümayəndə bildirib ki, Ağdam kənd təsərrüfatı və emal sənayesi üzrə daha çox ixtisaslaşıb.

Emin Hüseynov qeyd edib ki, burada həmçinin tikinti materialları bazarının inkişafı üçün də şərait var.

Xüsusi nümayəndə vurğulayıb ki, Prezident İlham Əliyev şəhərə səfər edərkən burada 190 hektar sahədə yaradılacaq sənaye parkının təməlini qoyub: "Artıq bununla bağlı İqtisadiyyat Nazirliyi və digər müvafiq qurumlarla birgə orada fəaliyyət göstərmək istəyən şirkətlərin siyahısı qəbul olunur. Onlara tətbiq olunan güzəştlər də bəllidir".

Emin Hüseynov həmçinin burada işləyəcək şirkətlər üçün çox geniş imkanlar yaradılacağını da qeyd edib.

“Ağdam şəhərinin Baş Planı təqdim olunub, rayonda müəyyən quruculuq, bərpa işləri aparılır”.

 

Prezidentin xüsusi nümayəndəsi qeyd edib ki, Ağdamda bir çox işlər kompleks şəkildə həyata keçirilir: “Ərazinin minalardan, hərbi sursatlardan təmizlənməsi fasiləsiz olaraq davam etdirilir. Eyni zamanda, istər iqtisadi, istər ekoloji, istər mədəni irsimizə dəymiş ziyanın qiymətləndirilməsi prosesi gedir. Bərpa işləri ilə əlaqədar müəyyən şəhərsalma və planlaşdırma işləri aparılır. Həm kənd təsərrüfatı, həm meliorasiya, həm ekoloji sahələrdə müəyyən planlaşdırma, hazırlıq işləri aparılır. Bütün bu işlər Azərbaycan Prezidentinin tapşırığı ilə yaradılmış Əlaqələndirmə Qərargahı tərəfindən əlaqələndirilir. Təməli qoyulmuş layihələr üzrə işlər başlanılıb, bütün işlər planlı, mərhələli şəkildə həyata keçiriləcək. Bu işlər təkcə Ağdam şəhərinin deyil, ümumən Ağdam rayonunun ümumi planı əsasında təşkil olunacaq. Sözsüz ki, bu prosesdə beynəlxalq təcrübədən də istifadə olunur”.

E. Hüseynov deyib ki, bir ağdamlı, qarabağlı, azərbaycanlı olaraq bu günləri, bu anları həmişə arzulayıb: “Şükürlər olsun, mən çox sevinirəm ki, bu gün biz belə bir möhtəşəm anı yaşayırıq. Bu günü gördük, arzum budur və inşaallah, Ağdamın cənnətə çevrilmiş halını da görəcəyik”.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR