Pul qazanmaq üçün həyətində görün nə plantasiyası yaratdı

# 14:19
25 may 2022

Balakən rayonunda narkotik vasitələrin satışı və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər saxlanılıb.

 

APA TV- nin  məlumatına görə, Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən fərdi yaşayış evlərindən birinin həyətyanı sahəsində xeyli sayda çətənə kollarının əkildiyi barədə əməliyyat məlumatı daxil olub. Qeyd olunan ünvanda keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Nazilə Hüseynova iş başında, yəni çətənə kollarına qulluq edən zaman yaxalanıb. Həyətyanı sahəyə baxış keçirilən zaman tərəvəz bitkiləri becərilən ərazidən 176 ədəd çətənə kolu aşkarlanıb. Nazilə Hüseynova ifadəsində narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərdiyini etiraf edib və onları becərməkdə məqsədinin yetişdirib qurutduqdan sonra satıb, yüksək qazanc əldə etmək olduğunu bildirib.

 

Şöbə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı isə yaşadığı evin həyətindəki istixanada külli miqdarda narkotik tərkibli bitkilər yetişdirən və narkotik vasitələrin satışı ilə məşğul olan Meşəşambul kənd sakini İsa Gözəlov tutulub. Həmin istixanadan isə ümumi çəkisi 40 kiloqrama yaxın 34 ədəd çətənə kolu və evin çardağında gizlətdiyi 7 kiloqram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

 

Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

 

Vuqar Heydərov, Əhməd Fərruxoğlu, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR