Qadınlar arasında dava: ÖLƏN VAR – QƏTLİN TƏFƏRRÜATLARI

# 22:51
8 oktyabr 2021

 

Astarada qadın ərinin əmisi arvadını bıçaqlayıb. Qadınlar arasında keçmiş ədavətin səbəb olduğu münaqişə ölümlə nəticələnib.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, qanlı hadisə rayonun Şəmətük kəndində iki qardaşın ailələri arasında baş verib. Meşəlik ərazidə mal-heyvan dalınca gedən qohumlar - 1994-cü il təvəllüdlü Gülsevər Hilal qızı Ağayeva ilə 1961-ci il təvəllüdlü Mehparə Ağamirzə qızı Ağayeva arasında münaqişə yaranıb. Nəticədə Gülsevər Mehparəyə çoxsaylı bıçaq xəsarətləri yetirib. Yaralı qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, o, qısa zamanda ölüb. 

Mərhumun həyat yoldaşı Qəyyim Ağayev deyib ki, yoldaşının meşədə bıçaqladığını ona oğlu çatdırıb: “Onu gətirmişdilər Lənkəran xəstəxanasına, mən də gəlib çatdım, gördüm ki, qan çox gedib, çoxlu bıçaq zərbəsi vurmuşdular, həkimlər onu xilas edə bilmədi. Onu qardaşımın gəlini Gülsevər Ağayeva vurub meşədə, ancaq bu, tək ola bilməz”.

Məlumat üçün bildirək ki, bu ilin mart ayında Mehparə Ağayevanın oğlu Famil Ağayev əmisi oğlu Musa Ağayevi, yəni Gülsevər Ağayevanın qaynını bıçaqlayaraq öldürüb. Belə ki, əmioğlular arasında mübahisə bıçaqlanma ilə bitib. Bıçaq zərbələrindən biri Musa Ağayevin ürək nahiyəsinə nüfuz edib və o, dünyasını dəyişib. Bundan sonra ailələr arasında münasibətlər kəskin dərəcədə pozulub.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən Gülsevər Ağayeva saxlanılıb.

Faktla bağlı Astara rayon prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

 

Tural Kərimov

Rövşən Əzimov

APA TV. Astara-Lənkəran

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR