Qapı arası, masa altı daha təhlükəsizdir? - Zəlzələ zamanı necə davranaq?
Qardaş Türkiyədə baş verən, minlərlə insanın həyatına son qoyan zəlzələ bir daha göstərdi ki, bu cür təbii fəlakətlərə daim hazır olmalıyıq.
Bəs “hazır olmalıyıq” deyəndə nə nəzərdə tutulur? Zəlzələ anında təhlükəsizliyimizi necə təmin etməliyik?
Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqələr idarəsinin baş zabiti Vüsalə Zahirovanın sözlərinə görə, zəlzələyə hazırlıqlı olmağın əsas amillərindən biri evin düzgün interyerdə qurulmasıdır.
O bildirib ki, bir zamanlar insanlara masa altını, qapı arasını daha təhlükəsiz yer kimi təqdim edirdilər. Son vaxtlar isə baş verən zəlzələlər nəticəsində yaranan bina dağıntıları və uçqunlarına görə deyə bilərik ki, yuxarıda qeyd etdiyimiz addım da daha əvvəlki kimi nisbətən az təhlükəli sayılmır.
Vüsalə Zahirova onu da vurğulayıb ki, hər kəsin mütləq içində sənədlər, bir qədər pul, xarab olmayan qida, su, geyim, fənər, ağrıkəsici, qanaxmanı durdurmaq üçün vasitələr və s. olan ehtiyat çantası hazırda durmalıdır.
Mütəxəssis bildirir ki, zəlzələ zamanı özümüzü mümkün qədər sakitləşdirməli, qazı və işığı söndürməli, yaşayış yerini tərk etməli və açıqlıq ərazidə dayanmalı, zəlzələnin bitməsini gözləməliyik. Reklam dirəklərindən, yol işıqlarından, tikililərdən mümkün olduğu qədər uzaq durmalıyıq.