Qarabağa fantastik turist axını

# 19:00
7 dekabr 2021

"Qarabağ və Zəngəzur destinasiyası ilə bağlı həm strategiyamız, həm də konsepsiyamız var".

 

Bunu Azərbaycan Turizm Bürosuna (ATB) Milli Akkreditasiya Mərkəzi tərəfindən bələdçilərin sertifikatlaşdırılması hüququnu verən akkreditasiya attestatının təqdimolunma mərasimi zamanı Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

 

Onun sözlərinə görə, strategiya və konsepsiyada əsas yanaşma turizm marşrutu və məhsullarının yaradılmasıdır: "Klastrlarla bağlı da fikrimiz var. Məsələn, Kəlbəcərdə turizmin inkişafına dair ayrılıqda konsepsiya var, amma Kəlbəcəri digər klastrlarla əlaqələndirən üslublar da mövcuddur. Şuşanın öz üslubu var. Məsələn, Kəlbəcərdə ənənəvi turizmdən əlavə, qış və sağlamlıq turizminin inkişafı mümkündür. Şuşada festivalların keçirilməsi, Ağdamda "dark" - yəni işğalın nəticələrinin çılpaq şəkildə göstərilməsi və işgüzar turizm nəzərdə tutulub. Tuğ və Hadrutun şərab marşrutuna salınması daha uyğundur. Suqovuşanla bağlı planlar da var. Ümumilikdə bu bölgə üçün planlar genişdir. Yaxın 4 ildə daxili və xarici turistləri nəzərə alaraq, Qarabağın 1 milyon insanı qəbul edəcəyi gözlənilir".

 

Daha sonra turizm bələdçilərinin sertifikatlaşdırılması üçün nəzərdə tutulan məbləğ açıqlanıb. Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının Baş katibi Tural Musayev bildirib ki, hazırda bu məbləğ 200-500 manat arasında nəzərdə tutulub: "Həmin məbləğ komissiya üzvləri və nəqliyyat xərcləri üçün nəzərdə tutulub. Yazılı qiymətləndirmədən əlavə, turizm bələdçisinin texniki peşə qaydalarını öyrənməsi üçün nəqliyyatla gəzintisi də aparılacaq. Ola bilsin ki, 2022-ci il üzrə Azərbaycan Turizm Bürosu və Dövlət Turizm Agentliyi məbləğin müəyyən hissəsini öz üzərinə götürsün, hazırda bununla bağlı danışıqlar aparılır”.

 

Qeyd edək ki, bu gün Azərbaycan Turizm Bürosuna (ATB) Milli Akkreditasiya Mərkəzi tərəfindən bələdçilərin sertifikatlaşdırılması hüququnu verən akkreditasiya attestatının təqdimolunma mərasimi keçirilib. Tədbirdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycanda ilk dəfə olaraq turizm bələdçilərinin milli sertifikatlaşdırılması prosesinə start verildiyini qeyd edib. Sözügedən sertifikat 3 il müddətinə verilir. Müddət bitdikdə təkrar sertifikatlaşdırma aparılacaq.

 

 

MirÇingiz Ağazadə,

Ceyhun Mustafayev,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR