Qarabağda biznes qurmaq üçün müraciət edənlər arasında qadınlar da var

# 18:42
25 yanvar 2022

Bu gün Yeni Azərbaycan Partiyası və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən “Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığının rolu” mövzusunda konfrans keçirilib.

 

APA TV-nin məlumatına görə, konfrans Dövlət Himninin səslənməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, artıq işğaldan azad edilmiş ərazilərimizdə yeni idarəetmə institutunun yaradılması ilə bağlı mühüm addımlar atılır: “Əldə edilmiş qələbə qarşıdakı illərdə davamlı islahatlarla yeni imkanlara çevriləcək. Ərazi bütövlüyümüzün təmini gələcəkdə Azərbaycanın sürətlə inkişaf edəcəyi dönəmə qədəm qoymasına səbəb olacaq. İqtisadi rayonların yeni bölgüsünün təsdiqlənməsi bütövlükdə Azərbaycan ərazisi boyunca iqtisadi fəallığın artmasına, yaşayış şəraitinin daha da yaxşılaşmasına səbəb olacaq”.

 

Mərkəzi Aparatın rəhbəri diqqətə çatdırıb ki, 30 il ərzində erməni vandalları tərəfindən darmadağın edilən əraziləri qısa müddətə bərpa etmək o qədər də asan olmayacaq: “Bizlərin qarşısında duran başlıca məsələ Qarabağın sosial-iqtisadi inkişafını təmin etmək, Qarabağın bərpasında yaxından iştirak etməkdir. Əminəm ki, bunun üçün hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirəcək”.

 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova isə qeyd edib ki, iqtisadiyyatda gender bərabərliyinin təmin edilməsi çox vacibdir.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova diqqətə çatdırıb ki, soydaşlarımızın öz torpaqlarına geri qayıtması üçün bütün sahələrdə quruculuğa nail olunmalıdır: “Komitəmiz tərəfindən qadın sahibkarlığın inkişafı üçün işlər davam etdirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və beynəlxalq təşkilatların dəstəyi ilə 11 Qadın Resurs Mərkəzi və 3 İcma Mərkəzi yaradılıb. Ötən il işğaldan azad edilmiş ərazilərdə – Füzulidə, Ağcabədidə və sair icma əsaslı resurs mərkəzləri yaradılıb.

Bu ərazilərdə yaşayan insanları mövcud prosesə cəlb edilməsinə şərait yaradırıq. Bir neçə gündən sonra isə Sumqayıtda Qadın Resurs Mərkəzi istifadəyə veriləcək. Qarabağda olan hər iki iqtisadi rayonda qadın sahibkarlığın mövcud sahibkarlıq subyektlərinə daxil olması üçün işlər davam etdiriləcək”.

 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov KOBİA-ya Qarabağda biznes qurmaq üçün müraciət edənlər arasında qadınların da olduğunu bildirib: “Bu günədək işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq üçün KOBİA-ya daxil olan 980 müraciətdən 42-si qadın sahibkarlara aiddir. Biznes qurmaq istəyən qadın sahibkarların təqdim etdikləri layihələrin 13-ü ticarət və xidmət, 10-u sənaye, 6-sı kənd təsərrüfatı, 6-sı turizm, 4-ü tikinti işləri, 2-si təhsil, 1-i isə səhiyyə sahələri üzrə olub”.

 

Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova isə aqrar sahədə qadın sahibkar və fermerlərin roluna toxunub: “Artıq Zəngilanda Ağıllı kənd layihəsi başa çatıb və Füzulidə ikinci Ağıllı kənd layihəsinin həyata keçirilməsinə başlanılacaq. Bunun üçün hazırlıq işləri həyata keçirilir. Ağıllı kəndlərdə qadın fermerlərin iştirakı layihəyə ilk başlayan dövrdən nəzərə alınıb”.

 

Konfransda çıxış edən Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva isə Qarabağda sahibkara çevrilmək istəyən qadın sahibkarlar tərəfindən təqdim edilmiş layihələr barədə məlumat verib.

 

Sevinc Vaqifqızı

Xəyal İsgəndərov

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR