Qazaxıstanda aksiyalar: Etirazçıların tələbləri çoxalır

# 14:39
5 yanvar 2022

Qazaxıstanda etiraz aksiyaları davam etməkdədir. Ölkənin Almatı, Çimkənt və Taraz kimi şəhərlərində etirazçılar administrasiyaların binalarına hücum ediblər. Nəticədə binaların şüşələri və qapıları qırılıb. Nümayişçilər administrasiya binalarına daş, çubuq və içində yanan maye olan şüşələr atıblar. Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, aksiyalar başlayan gündən 95 polis xəsarət alıb, 200-dən çox insan saxlanılıb. O da bildirilib ki, Aktobe şəhərində polis etirazçıları saxlamaqdan imtina edib.

 

Qeyd edək ki, etiraz aksiyaları ilə bağlı prezident Tokayev hökumətin istefasını qəbul etsə də, aksiyalar səngimək bilmir. Yerli media aksiya iştirakçılarının digər tələbləri - Nursultan Nazarbayevin siyasətdən getməsini, ölkədə internetin bərpa edilməsini, xalq seçkiləri keçirilməsini, 1993-cü il Konstitusiyasının geri qaytarılmasını, həmçinin vətəndaş fəallarının təqibinə son qoyulmasını, aksiyalar zamanı saxlanılanların hamısının azad edilməsi, əmək haqqının artırılması, təkrar emalın ləğvi, nəqliyyat vasitələri üçün ödənişli yolların ləğvi, minimum pensiyanın artırılması, uşaq müavinətlərinin artırılmasını tələb edirlər.

 

Xatırladaq ki, Almatı və Manqistau şəhərlərində 19 yanvaradək fövqəladə vəziyyət elan edilməsinə baxmayaraq, etiraz aksiyaları davam etməkdədir. Almatı Beynəlxalq Hava Limanı təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb. Şəhərin prokurorluq binası da yandırılıb.

 

Bundan başqa dünən və bu gün keçirilən aksiyalarda çoxlu sayda hərbi və polis avtomobillərinin yandırıldığı ilə bağlı qazax sosial şəbəkə hesablarında videogörüntülər paylaşılıb. Qeyri-rəsmi məlumata görə, təkcə Almatı şəhərində son 1 saat ərzində 16 polis maşını yandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR