Qazi atanın şəhid oğlu - REPORTAJ

# 15:22
10 aprel 2021

44 günlük Vətən Müharibəsində tarix yazan igidlərimizdən biri də xüsusi təyinatlı Sabir Ceyhun oğlu Heydərovdur.

APA TV-nin yerli bürosunun xəbərinə görə, 1998-ci il iyunun 27-də Şamaxı rayonunun Şərədil kəndində anadan olan Sabir Heydərov 2004-2015-ci illərdə Şamaxı şəhəri 2 nömrəli tam orta məktəbdə təhsil alıb.

Sabir Heydərov 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Uzun müddət əlbəyaxa döyüş növləri ilə məşğul olan qəhrəmanımız hərbçi olmaq, xüsusi təyinatlı kimi yetişmək arzusunda olduğundan, təhsilini də bu sahədə davam etdirib. Bir sıra kurslar və yarışlarda müvəffəqiyyət qazanıb. Türkiyədə keçirilən xüsusi təyinatlıların müsabiqəsində 1-ci yerə layiq görüldükdən sonra gizir rütbəsi ilə xidmətə başlayıb.

Vətən Müharibəsi başlar-başlamaz Sabir də qürurla döyüşə atılanlardan olub. İlk döyüş tapşırığını yerinə yetirməyə Murov istiqamətindən yollanıb, Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sabir Heydərov oktyabrın 3-də Füzuli döyüşləri zamanı şəhid olub və Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidimizin atası Ceyhun Heydərov da Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Atasının dilindən səslənən Vətən mövzulu hadisələri duyduqca köksü qabarıb, sevgisi get-gedə artaraq, nəhayət, özünün də Vətən keşikçisi olması ilə nəticələnib: “Özüm Birinci Qarabağ döyüşlərində iştirak etmişəm. 4 il 8 ay N saylı hərbi hissədə kəşfiyyat bölüyündə xidmət etmişəm. Sabiri vətənpərvər ruhda böyütmüşəm. Sabir başımızı uca etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlik zirvəsi hər insana qismət olmur. Şəhidlərimiz və qazilərimiz Qarabağı düşmən işğalından azad edib. Şəhidlərimizin qisası alınıb. Şəhidlərlə qürur duyuruq. Mən oğluma Vətəni, torpağı sevməyi, alnıaçıq yaşamağı öyrətmişdim”.

Anası Fərqanə Heydərova oğlunun ölümü ilə hələ də barışa bilmir: “Sabiri hərbi hissədən gəlib seçib aparmışdılar ora. Sabir mənim üçün çox qiymətlidir, dəyərlidir, onun yolunu gözləyirəm. O, mənim üçün ölməyib, yaşayır. Sabir deyirdi, ana, mən qayıdıb gələcəm”.

Xüsusi təyinatlı hərbi qulluqçu olmaq qardaşı Nurlanın da arzusu olub, amma bu arzuya yalnız Sabir çatıb: “Döyüşlər başlamazdan bir neçə gün öncə qardaşım Şamaxıda idi. O, həmişə döyüşlərə hazır olduğunu deyirdi. Uşaqlıqdan vətənpərvər idi. Bizim dayımız da xüsusi təyinatlıdır, qazidir. Biz iki qardaş xüsusi təyinatlı döyüşçü olmaq istəyirdik. Qardaşım öz arzusuna çatmışdı. Döyüşlər vaxtı bir həftə qardaşımla əlaqə saxlaya bilmədik. Şəhid olmazdan bir gün qabaq mənə zəng etmişdi, evdə ailə üzvlərini mənə əmanət etdi, halallaşdı. Səhəri gün işdə idim, atam, dostlarım gəlib mənə dedilər ki, Sabir şəhid olub”.

Kiçik gizir Sabir Heydərov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", “Vətən müharibəsi iştirakçısı” və “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

Şahnəzər Bəşirov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR