Qazi: ”Bizim döyüşümüzü Çingiz Mustafayev çəkməklə tarixin yaddaşına köçürdü”

# 16:56
8 noyabr 2021

Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilən yürüş keçirilib.


APA TV xəbər verir ki, Zəfər gününü qeyd edən vətəndaşlar qələbə şüarları səsləndirib, bu günün qürurunu yaşayıblar. Onlar arasında bu zəfər gününü Azərbaycan xalqına bəxş edən, Qarabağ müharibəsinin iştirakçıları da var idi.


Füzuli istiqamətlərindən döyüşlərdə iştirak edən Aslan Məmmədov deyir ki, Qələbəni  Azərbaycan xalqına yaşadan Ali Baş Komandanın dəstəyini bizlər 44 günlük müharibədə daim hiss etdik: ”Cənab Ali Baş Komandana minnətdarıq ki, bu qələbə sevincin bizə yaşamağa imkan verdi. Bu döyüşü biz tək yox millətimizin gücü ilə qazandıq. Xalqımız bu döyüşdə bizlərə çox dəstək oldu. Döyüşdə bayraqlarımızı görən ermənilər silahın qoyub qaçırdı. Fərq etmir erməni və başqa millət, torpaqlarımıza göz dikərsə onun qarşısında Azərbaycan xalqı dayanacaq”.


Vətən müharibəsi qazisi Əliqismət Quliyevin sözlərinə görə, qələbə naminə minlərlə əsgər bu amal uğrunda canından keçdi: ”İlk olaraq Füzuli istiqamətində döyüşlərə başladıq, daha sonra Xocavənd istiqamətində irəliləmişik. Biz millətimizin dəstəyi ilə qalib gəldik. Keçən ilin bu günü biz döyüşlərdə iştirak etmişik. Şəhid analarında üzr istəyirik ki, bu gün deyib-gülürük. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə Allahdan şəfa diləyirik”.


Birinci Qarabağ müharibəsinin iştirakçısı olan, döyüşlərdə bir neçə dəfə yaralanan Əsgər Əlimirzəoğlu isə deyir ki, onların döyüşlərinin bir çox hissəsini Milli Qəhrəman Çingiz Mustafayev çəkərək xalqa çatdırıb: ”Jurnalist  Çingiz Mustafayevə Allah rəhmət eləsin ki, o, bizim reportajları hazırladı. Bizim üçün çox çalışdı. İsmət Qayıbovun ailəsinə də Allahdan səbİr arzu edirəm”.


Qeyd edək ki, 8 noyabr bütün ölkə ərazisində, eyni zamanda xaricidə yaşayan azərbaycanlılar da Zəfər Gününü qeyd edir. Zəfər yürüşləri paytaxtla yanaşı, ölkənin bir çox şəhər və rayonlarında da keçirilib.

 

 

Semral Cavad,

Əli Ələkbərov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR