Qazilər əslində özlərini necə aparmalıdırlar? 

# 18:03
14 dekabr 2021

“Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü” dahi Hüseyn Cavidin dediyi kimi...

 

Müharibə... dəhşət saçan anlar, intiqam, məğlubiyyət və yaxud qalibiyyət.

 

Biz xalq olaraq Birinci Qarabağ müharibəsində məğlubiyyəti yaşadıq, nə az-nə çox, düz 28 il məğlubiyyət duyğusu altında əzildik.

 

44 günlük Vətən Müharibəsi isə bu duyğularımızı yox etdi. Qalibiyyət yaşadıq, müzəffər Azərbaycan ordusu tarix yazdı, doğma yurd-yuvalarımız erməni tapdağından azad edildi.

 

İndi “qalib Azərbaycan xalqı” sözünü qürurla, fəxrlə deyirik. Bu qalibiyyətdə imzası olan hər bir vətən oğlu dəyərlidir, onlara münasibət də fərqlidir, baxışlar da.

 

Maraqlıdır istər Birinci Qarabağ Müharibəsinin, istərsə də, Vətən Müharibəsinin iştirakçısı olmuş qazilərimiz cəmiyyətdə necə davranış sərgiləməlidir? Və yaxud odun-alovun içərisindən çıxmış qəhrəmanlarımız cəmiyyətə örnək olmaq üçün necə yaşamalıdırlar?

 

28 yaşlı Tural İsmayılzadə Vətən Müharibəsinin iştirakçısıdır. O, Füzuli, Cəbrayıl, Xocəvənd rayonlarının azad olunmasında şücaət göstərib.  “Xocavənd” və “Vətən Müharibəsi” iştirakçısı medalı ilə təltif olunub: “Son vaxtlar ən çox diqqət çəkilən mövzulardan biridir, qazilərin davranışı. Bu gün həm sosial şəbəkələrdə, həm televiziyalarda qazi adından istifadə edib bəzi xoşəgəlməz hərəkətlər nümayiş etdirirlər. Mən yaraşdırmıram şəxsən. Baxın əynimdəki əsgər formamdı, 44 günlük müharibədən sonra bunu çıxarmışam. İndi də çəkilişə görə geyinmişəm. Bilirsiniz necədir, bu gündəlik geyinib gəzmək üçün deyil. İnanın ürəyim doludur bu mövzuda, biz müharibəyə gedəndən əvvəl də özümüzü karona virusdan qorumaq üçün maska taxmışıq. İndi rastlaşıram ki, deyin mən qaziyəm, niyə maska taxmalıyam? Bu artıq nümunəvi davranış deyil. Və yaxud da biz 10 nəfər əyləşmişiksə bir yerdə bunun hamısı qazi olmalı deyil. Müharibə 44 yox, 54 və yaxud daha uzun müddət çəksəydi  onda 10 nəfərdən biri yox 0- da vətən üçün canını verməyə gedərdi. Özümüzdən imtiyaz əlavə etməyək , zatən bizi düşünürlər”

 

29 yaşlı Cavid Kərimli  Füzuli, Xocavənd və Cəbrayıl uğrunda gedən döyüşlərin iştirakçısıdır. Cavid 28 gün qızğın döyüşlərdə iştirak edib, Xocavənd istiqamətində yaralanıb: “Bu günümüzə şükür. Ali Baş Komandanın bizim arxamızda olması bizim üçün hər şeydir. Füzuli, Laçın, Xocavənd uğrunda döyüşlərdə iştirakıma görə medallarla təltif olunmuşam. Əziyyətim dəyərləndirilib, müharibədə əsgər çörək daşıyanın belə əziyyəti var. Vətəni qorumaq boynumuzun borcudur. Bu fikirlə, bu amalla yaşamışam. Qoy bizdən sonra gələn gənclər də bizdən örnək götürsünlər. Qazinin əsas şüarı onun əziyyətidir, amma yaddan çıxarmaq olmaz ki, bu əziyyət torpaq üçündür vətən üçündür. Mən vətən üçün canımı yenidən verməyə hazıram-bu şüar edək. Zamanla hər şey düzələcək, bütün daşlar öz yerinə oturacaq.

 

Qarabağ müharibəsi veteranı Gülpəri Sərkərova deyir ki, vətənin çağırışına könüllü qoşulub, onun müdafiəsində canla-başla iştirak ediblər. Gülpəri xanım hesab edir ki, müharibə iştirakçısı olmaq, qürurdur.

 

“Qazi adı daşımaq böyük məsuliyyətdir”- deyən Gülpəri Sərkərova deyir ki, hətta hansısa bir haqsızlıqla qarşılaşdıqda belə təmkinli davranış nümayiş olunmalıdır: “İkrah hissi doğuracaq hərəkətlə heç nəyə nail olmaq olmaz. Sakit və mədəni davranışla da haqqını tələb edə bilərsən. Yəni düşünürəm ki, kobud davranış heç də uğurlu deyil. Əsas odur ki, bizim adımıza hörmət edirlər, dövlət, hökumət qurumları da zaman keçdikcə imtiyazlarımız üçün əlindən gələni əsirgəməyəcəyinə əminəm”.

 

Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu deyir ki, qazilik Allahın insana lütfüdür: “Qazi tanrının diqqətində olur həmişə. Amma onu yaşamaq, şərəflə daşımaq hər kəsə nəsib olmur. Bilirsiniz, yaşadığımız cəmiyyətdə müəyyən sosial problemlərimiz olur. Bunların həllini gözləyəndə yaranan münasibət isə uyğun gəlmir. Aqressiya, emosional davranış sərgiləyənlər olur ki, bu da cəmiyyətdə birmənalı qəbul edilmir. Eyni zamanda da qazilik adı, qazilik dəyərini anlamayan bəzi insanlar var ki, davranışlarında şəxsi mənafeyini, pul qazanmaq hərisliyini daha çox üstünlük təşkil edir. Ona görə də müəyyən qruplar əlbir olub cəmiyyətdə neqativ fikirlərə səbəb olacaq addımlar atırlar ki, bu da yol verilməzdir. Biri də var ki, müharibədə olmayıb hər hansı bir yolla sənəd alıb ki qazidir. Ölkəni silkələyirlər, hara gedirsən İH –lərinə, hökumət orqanlarına hücum edirlər. Qazilik Azərbaycan bayrağında qırmızı rəngin simvoludur. Mübarizliyin simvoludrur. Qazilik atributdur, bizim də müəyyən yaş dövründə səhvimiz də olub çılğınlığımda. Bu həm də müharibənin travmalarıdır”.

 

Hərbi ekspert, Qarabağ qazisi Üzeyir Cəfərovun sözlərinə görə, hər bir müharibə iştirakçısı cəmiyyətdə ən böyük hörmətə, diqqətə layiqdir: “Bəzən xoşagəlməz mənzərələrlə də üzləşirik. Əynində hərbi mundir olan şəxs ictimai əhəmiyyət kəsb edən yerlərdə həmin normanı daşıyarkən öz davranışları ilə narazılıq yaradırlar. Hər bir müharibə iştirakçısı cəmiyyət nümunə olmalıdır. Heç bir statusu olmayan , yalançı medallarla kobud davranıb insanlarda qıcıq yaratmaq olmaz. Hətta xeyir, şər məclislərinə də yalançı medallarla gələn şəxslərlə də rastlaşırıq. Bir zabit, müharibə iştirakçı olmuş bir şəxs kimi  deyə bilərəm ki, ən qaynar nöqtələrdə, ən strateji tapşırıqları yerinə yetirən qazilərimiz özlərini son dərəcə nümunəvi davranırlar, bəzən isə biz bunun əksini görürük. Belə ki, müharibədə dərindən yoxlanılsa yaxından iştirak etməyən bəzi şəxslər az qalırlar “qafqaz dağları”nı yaratdıqlarını bəyan eləsinlər”.

 

Vətən müqəddəsdir, onu qorumaq imandandır deyiblər. İmanınız kamil olsun, vətən övladları!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR