"Qələmini silaha dəyişən Mədət" - VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ HAQQINDA KİTAB YAZILDI

# 13:33
3 iyun 2021

Ağdam rayonunun Quzanlı qəsəbəsində 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmış Mədət Qənbərova həsr edilmiş "Qələmini silaha dəyişən Mədət" kitabının təqdimatı keçirilib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, kitabın müəllifi rayon ziyalısı Tahirə İmanovadır.

 

Öncə Quzanlı qəsəbəsindəki Şəhidlər Xiyabanını ziyarət edən iştirakçılar respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar.

 

Çıxış edənlər Vətən müharibəsindən Azərbaycan Ordusunun qəhrəmanlığından, şəhid Mədət Qənbərovun şərəfli ömür və döyüş yolundan danışıblar.

 

Mədət Qənbərov 26 sentyabr 1995-ci ildə anadan olub. Onun ailəsi Ağdam rayonunun Mollalar kəndindən məcburi köçkün düşüb. Mədət ata-baba yurdu olan Mollalarda doğulmasa da, hər zaman doğma torpaqların həsrəti ilə yaşayıb. Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin məzunu olan Mədət Qənbərov könüllü olaraq döyüşlərə qatılıb. Oktyabrın 16-da Suqovuşan-Talış istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

 

Şəhidin anası Bəsti Vəliyeva ailəsi adından kitabın müəllifinə, tədbirin təşkilatçılarına minnətdarlıq edib, Vətən uğrunda canlarından keçən qəhrəman övladlarımızın qanının yerdə qalmadığını, düşməndən qisas alındığını, torpaqlarımızın işğaldan azad olunduğunu bildirib: “Mədətlə bağlı mənim üçün danışmaq olduqca ağırdır. Amma ağır olmağına baxmayaraq sevinirəm ki, Mədət kimi qeyrətli bir oğulun anasıyam. Qürurumdu, iftixarımdı Mədət. Həmişə yüksəkdə dayanan bir oğul idi. Yaşayan müddəti deyirəm, hələ şəhidliyin demirəm. Mədət insan kimi çox gözəl xarakterə malik, çox təmiz, ailəcanlı atasına-anasına sədaqətli bir övlad, xalqını, dövlətini sevən bir insan idi. Hər şeyi yarı-yarımçıq qoyub getdi. Qələmini silaha dəyişdi oğlum”.

 

Gəncə Dövlət Universitetinin dosenti Arifə Əhmədli Mədətin hələ tələbəlikdən Vətənpərvər olduğunu deyir: “Mədət bizim tələbəmiz olub. Mədəti biz tələbəlik dövründə vətənsevər, mərd, heç bir zaman Azərbaycanın işğal olunmuş ərazilərini, rayonlarını erməni tapdağında qəbul etməyən, ən mərd tələbələrimizdən idi. Mən eşidəndə ki, Mədət şəhid olub. Bir anlıq Mədətin dedikləri, Mədətin qəlbindəki vətən sevgisi, Mədətin içindəki Xocalı qisasının qalibiyyətini gördüm”.

 

Kitabın müəllifi Tahirə İmanova deyir ki, şəhidlərin xatirəsini əbədiləşdirmək üçün belə bir addım atıb: “Qarabağda güllə atılandan mən Qarabağ Şəhidlərinə məqalələr yazıram, Qarabağa vətən həsrətli bayatılar yazmışam. Vətən nisgilli şeirlər yazmışam. Bunların xatirəsini əbədiləşdirmək üçün hərəmiz bir iş görməliyik. Mən də xatirələri topladım və qərar verdim ki, o balamızın xatirəsini əbədiləşdirmək üçün, bir dənə kitab çap edək. Bu da gözəl alındı və gözəl qarşılandı”.

 

Mərasimin sonunda iştirakçılara "Qələmini silaha dəyişən Mədət" kitabı hədiyyə edilib.

Həmçinin İmamqulubəyli qəsəbəsində şəhid Mədət Qənbərovun xatirəsinə inşa edilmiş bulağın açılışı olub.

 

Qeyd edək ki, Mədət Qənbərov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

Allah bütün şəhidlərə rəhmət etsin!

 

Habil Aslanoğlu,

Ziya İsmayıloğlu,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR