Qızıl mədəni ətrafında “Qırmızı Kitab”a düşən bitkilər ƏKİLDİ

# 14:08
1 dekabr 2022

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində “Qırmızı Kitab”a daxil edilmiş nadir və nəsli kəsilmək təhlükəsində olan bitki növlərinin çoxaldılması və onların tarixən yetişdiyi ərazilərə reintroduksiyası layihəsinin sonuncu mərhələsinin yekunu olaraq ekoloji aksiya keçirilib.

Əvvəlcə “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev layihə barədə məlumat verib. Qeyd edilib ki, 2021-ci ildən icrasına başlanılan layihə çərçivəsində Daşkəsən rayonu ərazisində rast gəlinən və “Qırmızı Kitab”a daxil edilmiş nadir, nəsli kəsilmək təhlükəsində olan “Rosa Zangezura”, “Rosa Nisami”, “Pulverulenta” kimi itburnu növləri, həmçinin nadir dekorativ və dərman bitkisi olan “Frangula Grandiflora” aşkarlanaraq toxumları yığılıb. Mərkəzi Nəbatat Bağının Qida və dərman bitkiləri laboratoriyasında həmin toxumların çeşidlənməsi, müvafiq dərman vasitələri ilə qurudulması həyata keçirilib və xüsusi aqrotexniki qaydada təcrübə sahəsində əkilməklə ötən bir il ərzində bütün növ toxumların yetişdirilməsinə nail olunub.

Çıxış edən digər natiqlər isə bu cür təşəbbüsləri yüksək qiymətləndiriblər.

Sonda çoxaldılmış nadir bitki növlərinin, həmçinin əlavə olaraq göyrüş tinglərinin “Çovdar” qızıl mədəni ətrafında kütləvi əkini həyata keçirilib.

Qeyd edək ki, bugünədək “Çovdar” mədəni və ətraf ərazilərdə yerli şəraitə uyğun 13 mindən artıq ağac və kol bitkisi əkilib, yaşıllıqlar salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR