Quba sakininin maraqlı biznes təklifi: Elektrik enerjisi satmağa hazırlaşır
Quba rayonunun Yalavanc kənd sakini təsərrüfatını elektrik enerjisi ilə təmin etmək üçün günəş panellərindən istifadə edir.
APA TV-nin yerli bürosunun xəbərinə görə, İldırım Məmmədov sözügedən günəş panellərini üç il əvvəl quraşdırıb. Fermer deyir ki, panelləri əldə etmək üçün inəklərini satıb. Panellərin sayı əvvəl 8 olsa da, daha sonra onların sayını artıraraq 20-yə çatdırıb. O buna səbəb kimi elektrik enerjisi verilişində yaranan fasilələri və əlavə xərcləri göstərir: “Bu sistemi quraşdırana qədər 80-85 manat işıq pulu verirdim. O da gündə xətlər qırılırdı, qaçıb elektriki çağırırdım. O da ki, öz aramızdır elə-belə işləmir ki! Onun da gərək növbəsinə durasan, ona da cibinə nə isə qoyasan, bir az yalvarasan. İndi istehsalçı da, istehlakçı da özüməm. Qanun icazə versə mən kənddə 2-3 evə elektrik enerjisi sata bilərəm.”
Onun sözlərinə görə, hazırda xərcləri azalıb. Təsərrüfatında elektrik enerjisinin qəzalar üzündən kəsilməsi halları baş vermir. Günəş panellərinin ömrü isə 30 ildir: “Alternativ enerjinin əvəzi yoxdur. Ekoloji təmiz, bu olan yerdə əlavə gücləndiriciyə də ehtiyac yoxdur. Hər hansı qəza olanda da avadanlıq özü sönür və bu barədə xəbərdarlıq edir. Çox gözəl texnikadır, bəzən insandan da ağıllıdır. Bizdə elektrik xətləri çox yüklənir deyə 170-190 volt olur. Bu texnikanın üstünlüyü odur ki, canı çıxana qədər 230 verir”.
İldırım Məmmədov ümid edir ki, gələcəkdə onu kimi alternativ enerjidən istifadə edən fermerlərin sayı çoxalacaq.
Vəli Turan, Rizvan Hacıyev, APA TV