Ramazanda peyvənd vurdurmaq orucu pozurmu? - ARAŞDIRMA

# 10:30
21 aprel 2021

Bir yandan ölkəmizdə vaksinasiya prosesi davam edir, bir yandan da Ramazan ayı olduğundan insanlar oruc tuturlar. Bu iki proses bir-birinə zidd olmasa da, hələ də vətəndaşlar arasında peyvəndin orucu pozduğuna inananlar var.

 

- Oruclu olduğuma görə mən peyvəndə getmərəm. İldə bir dəfə Allah yolunda oruc tuturuq, onu da vaksinlə poza bilmərəm.

 

- Vaksin olmaq orucu pozur, tamamilə pozur. Adi dərman atanda oruc pozulur, vaksin də elə eyni şeydir də.

 

- İftardan sonra olsa, yaxşıdır. Çox yerdə mən oxumuşam ki, guya peyvənd orucu pozmur, oruc tutan zaman peyvənd etdirmək olar.

 

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli isə deyir ki, iynələrdən və ağrıkəsicilərdən istifadə etmək orucu pozmur: “Quran dəvət edir ki, özünüzü öz əlinizlə təhlükəyə atmayın. İnsanın özünə, başqalarına təhlükə yaratması günahdır. İynələrdən istifadə etmək orucu pozmur. Dinimizdə yalnız qidanı əvəz edən iynələrdən imtina etmək tövsiyə olunur. Vaksinlərdən və ya hansı ağrıkəsicilərdən istifadə etmək orucu pozmur. Mən özüm də vaksin olunmuşam, artıq ikinci dozasını da vurdurmuşam. Birinci dəfə vaksin olunanda mən oruc halında idim”.

 

Azərbaycanda koronavirus pandemiyasının qarşısının alınması məqsədilə oktyabr ayından başlanılan vaksinasiya mərhələli şəkildə həyata keçirilir. Yəni peyvəndləmə öncə səhiyyə işçilərinə, daha sonra 60+, 50+ və 40+ yaş qrupundan olan insanlara aid edildi.

 

İnfeksionist Rəsmiyyə Rəsulova deyir ki, proses ilk başlar normal axarda davam etsə də, Ramazan ayı daxil olduqdan sonra isə vaksinasiyaya müraciət edənlərin sayında xeyli azalma var: “Əvvəllər əhali daha çox müraciət edirdi, Ramazan ayı ilə bağlı vaksinasiya bir az azalıb. Ramazandan əvvəl gün ərzində 100-150 nəfər müraciət edirdisə indi isə 20-25, bəzən 50 nəfərə yaxın adam müraciət edir. Amma bunun oruc tutmağa heç bir aidiyyəti yoxdur, vaksin orucu pozmur. Hər bir şəxs gəlib vaksini vurdura bilər”.

 

Hazırda peyvənd məntəqələrində az sayda olsa da, vaksin olunmağa gələn vətəndaşlar var: 

    

- Hacı Şahinin müsahibəsinə qulaq asdım, deyir ki, peyvənd olunmağın oruc tutmağa heç bir maneəsi yoxdur. Mən də qorxmuram. Birinci dozadır. Məsafə saxlayıram, spirtdən, maskadan istifadə edirəm. Amma peyvənd bunlardan da vacibdir.

 

- Hal hazırda mən oruc tutmuşam. Gəldim, peyvəndimi etdim, hər şey qaydasındadır.

 

2 saylı şəhər poliklinikasının şöbə müdiri Solmaz Tağıyevanın sözlərinə görə, orucluq müddətində vaksin olunmaq daha vacibdir: “Bu qidalandırıcı məhlul olmadığına görə, orucu poza bilməz. Bu kiçik, 0,5 dozadır. Ona görə də sırf oruc tutanlar adamlar vaksin olunmalıdırlar ki, immunitetləri zəifləməsin, xəstəliyə tutulsalar belə, yüngül keçirsinlər. Buna görə də, mən əhaliyə üzümü tuturam ki, peyvənd olunmaq orucunuzu poza bilməz, vaksinlərini vaxtında etdirsinlər”.

 

Bu Ramazanın pandemiyalı son orucluq olması diləyi ilə 

 

Fatma Zahidqızı,

Əli Ələkbər,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR