Rus tankı "Bayraktar"dan qoruna bilərmi? - Selcuq Bayraktar AÇIQLADI

# 19:30
8 fevral 2022

ABŞ-ın "The Drive" portalı Rusiyanın Ukrayna sərhəddinə yığdığı tanklarla bağlı maraqlı foto və videolar paylaşıb.

Portalın xəbərinə görə, Krıma yeridilmiş rus tanklarına kamikadze-dronlardan, "Bayraktar TB2" döyüş pilotsuz təyyarələrindən və yüksək dəqiqlikli tank əleyhinə raketlərdən qorunmaq üçün xüsusi konstruksiya quraşdırılıb. Portal bu konstruksiyanı primitiv qoruma üsulu kimi qiymətləndirib.

Sözügedən konstruksiya tankın qülləsi üzərində yüngül zireh təbəqəsindən quraşdırılan örtükdən və qülləni yan tərəfdən qoruyan metal tordan ibarətdir.

Bəs görəsən, bu konstruksiya Rusiya istehsalı olan tankları PUA-lardan həqiqətən qoruya biləcəkmi?

Türkiyə Texnologiya Komandası Vəqfinin rəhbəri Səlcuq Bayraktar bununla bağlı APA TV-yə özəl açıqlamasında bildirdi ki, PUA-lara qarşı hansısa tədbirlər görülə bilər. Lakin onlar da həmin prosesləri izləyir, yeni texnologiyalar üzərində işləyirlər: ”Hər tədbir qarşı tədbiri gətirir. Texnologiya bu cür irəliləyir. Bizə qarşı tədbirlər görüldüyü zaman biz də qarşı tədbirlər üzərində işləyirik. Hal-hazırda da davam edir. Bütün oyun bunun üstünə qurulub. Telefonlarda olduğu kimi, hər gün yeni yeniləmələr peydə olur. Texnologiya bu cür işləyir”.

Video və fotolarda sözügedən konstruksiyanın T-80 tankının üzərində yerləşdirildiyi görünür.

"The Drive" yazır ki, Rusiya ordusu 2020-ci il Qarabağda gedən müharibə amanı erməni tanklarının kütləvi şəkildə "Bayraktar TB2" zərbə pilotsuz təyyarələrindən buraxılan MAM-L və MAM-C lazer başlıqlı raketləri, "Harop" və digər kamikadze-dronlar, o cümlədən İsrail istehsalı olan "Spike" və "Spike NLOS" tank əleyhinə yüksək dəqiqlikli raketləri ilə məhv edilməsini nəzərə alaraq, indi Ukrayna istiqamətinə yeridilmiş rus tanklarını bu cür primitiv üsulla qorumağa çalışır.

Semral Cavad,
Fariz Quluyev,
APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR