Rusiya qırıcısı “Bayraktar”la qarşılaşdı, vura bilmədi
Sosial şəbəkələrin Ukrayna seqmentində “Bayraktar TB-2”nin Rusiyaya məxsus qırıcı ilə qarşılaşması barədə video paylaşılıb.
Yerli medianın verdiyi xəbərə görə, Qara dəniz üzərində Rusiyaya məxsus “Su-27” qırıcısı “Bayraktar TB-2”ni vurmağa cəhd göstərib. O da qeyd olunub ki, PUA-nın qanadlarında Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin tanınma nişanları aydın göründüyü halda qırıcının niyə silahdan istifadə etmədiyi tam aydın deyil. Yerli ekspertlər məlumatına görə, pilotsuz uçan aparatı məhv etmək üçün niyə “hava-hava” tipli raketlərdən istifadə edilmədiyi də məlum deyil.
Ehtimal etmək olar ki, bu hadisədə rusiyalı pilot səhvən hədəfin ABŞ-ın PUA-sı olduğunu düşünüb və hərbi insident yaratmamaq üçün atəş açmaqdan çəkinib. Bəzi ekspertlər isə rus pilotun hədəfdən yayındığını və PUA-nı vura bilmədiyini bildirirlər.
Xatırladaq ki, bir müddət öncə Qara dəniz üzərində Rusiyaya məxsus “Su-27” qırıcısı Amerikanın “MQ-9 Reaper” kəşfiyyat pilotsuz təyyarəsi ilə toqquşmuşdu.