Rusiya-Ukrayna savaşı nə qədər davam edəcək? - YENİ TARİX VERİLDİMİ?

# 10:00
7 aprel 2022

Rusiya və Ukrayna münaqişəsi davam etməkdədir. Türkiyə isə bölgədəki sabitliyin bərpası üçün hər iki tərəfi danışıqlara cəlb etmək istəyir. Xarici işlər nazirləri səviyyəsində görüşlər keçirilsə də, istənilən nəticə əldə olunmayıb. Üstəlik, Türkiyə Prezidenti Ərdoğanın vasitəçiliyi ilə ölkələrin liderlərinin də görüşü gözlənilir. Lakin Ukrayna rəsmiləri keçirələcək görüşün Moskva tərəfindən pozulduğu deyiblər. Rəsmi Kiyevin iddiasına Kremlin mətbuat katibi Dmitri Peskov cavab verib. O, danışıqların davam etdiyini, hər hansı pozulmadan söz getmədiyini bildirib. Peskov deyib ki, danışıqlar məsələsində qarşıda uzun yol olsa da, indi hər şey ağır gedir.

 

“Qarşıda hələ kifayət qədər uzun bir yol var. İş prosesi davam edir, lakin bu proses ağır gedir. Təbii ki, biz Ukrayna tərəfdən daha çox dinamika görmək istərdik”.

 

Qərb rəsmiləri münaqişənin daha da uzanacağı ilə bağlı artıq həyəcan təbili də çalıblar, üstəlik bu məsələdə Moskvanı günahlandırırlar. Əlavə olaraq qeyd olunur ki, bu addım Rusiyadakı mövcud iqtisadi çətinliyi kölgədə qoymaq üçün atılıb.

 

ABŞ hərbi dairəsi isə münaqişənin böyük beynəlxalq problemə çevriləcəyi barədə narahatlığını dilə gətirib. ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milley Konqresin Silahlı Xidmətlər Komitəsində keçirilən dinləmə zamanı deyib ki, Rusiyanın Ukraynanı işğalı 42 illik xidməti boyunca Avropa və bütün dünyada gördüyü sülh və təhlükəsizliyə ən böyük təhdiddir:

 

“Rusiyanın Ukraynanı işğalı yalnız Avropada deyil, dünyada sülh və sabitliyə zərbə vurmaq təhdididir. Mənim valideynlərim və amerikalı nəsillər bunun müdafiəsi üçün çox mübarizə aparıb. Biz iki qlobal güclə üzləşirik: Çin və Rusiya. Nəzərəçarpacaq hərbi imkanları olan bu ölkələr qaydalara əsaslanan hazırkı qlobal nizamı fundamental şəkildə dəyişmək niyyətindədirlər. Biz daha qeyri-stabil bir dünyaya daxil oluruq və böyük beynəlxalq münaqişə üçün potensial azalmır, artır və münaqişə illərlə davam edə bilər”.

 

Bəs görəsən, danışıqlar baş tutmazsa və münaqişənin həlli məsələsi uzanarsa, bu halın geosiyasi vəziyyətə hansı təsirləri ola bilər. APA TV-nin sualını cavablandıran siyasi şərhçi Turab Rzayev bildirib ki, məsələnin tez bir zamanda bitməsi rəsmi Kiyevin marağında deyil. O əlavə edib ki, bütün dünyada Rusiyanın təkləndiyini görən Ukrayna Moskvanın təklif etdiyi şərtlərlə razılaşmayacaq: “Artıq Rusiya başa düşdü ki, Kiyevi ələ keçirmək üçün gücü qalmayıb. Ya Rusiya açıq şəkildə nüvə silahı tətbiq etməli, ya da geri çəkilməli idi. Ona görə də Rusiya özünə növbəti hədəf təyin edib. İndi Ukraynanın cənubunu, Qara dəniz sahillərini əlində saxlamağı düşünür. Burada artıq Donetsdən başlayan zolaq Odessaya kimi davam edir. Amma orada da vəziyyət ürəkaçan deyil. Çünki Rusiya Moriupol şəhərini ələ keçirə bilmir. Bu gün isə Xerson şəhərinin bəzi əraziləri Rusiyanın işğalından azad olunub. Ola bilsin ki, bundan sonra Rusiya daha tez sülhə nail olmaq üçün özünün sülh şərtlərini yumşaltsın. Əks şəkildə Ukraynanın əvvəlki ağır şərtlərlə sülhə razı olacağına inanmıram”.

 

Onu da qeyd edək ki, rəsmi Moskva Ukrayna Prezidenti Vladimir Zelenskinin danışıqlarda irəli sürülən şərtlərlə razılaşmasında maraqlıdır. Peskov da vurğulayıb ki, Rusiya hərbi əməliyyatı danışıqlar yolu ilə dayandırmaq istəyir. 

 

Fuad Sadıqov,

Fariz Quluyev,

APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR