Rusiyada azərbaycanlı gənci qətlə yetirənin azadlığa buraxılmasına etiraz edilir

# 17:48
5 iyun 2021

“Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin tapşırığına əsasən 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi ölümcül yaralayan Novosibirsk vilayəti Yol Hərəkəti Təhlükəsizliyi Baş Müfəttişliyinin böyük müfəttişi Aleksandr Qusevin həbsdən azad edilməsi faktı Azərbaycan ictimaiyyətini dərindən hiddətləndirib”.

 

Bunu APA TV-yə açıqlamasında Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri deputat Arzu Nağıyev bildirib.

 

Onun sözlərinə görə, bu fakt ciddi araşdırılmalıdır: “Baxmayaraq ki, Azərbaycan əsilli tələbəni qətlə yetirən Rusiya Hüquq Mühafizə Orqanlarının işçisidir. O, həbs olunmuşdu, sonradan həbsdən azad olunub. Buna baxmayaraq ciddi araşdırılmalıdır, hüquqi tərəfdən nə qədər boşluqlar olsa belə Rusiya tərəfi unutmamalıdır ki, bu etnik qarşıdurmaya gətirib çıxara bilər. Öldürülən gənc Gürcüstan vətəndaşıdır və Azərbaycan əsillidir. Cənubi Qafqaz məsələsi kifayət qədər həssas məsələdir. Eyni zamanda Gürcüstan və Rusiya arasında olan münasibət, o cümlədən bu gün Rusiya Azərbaycan arasında olan münasibət məlumdur. Məhz bu baxımdan birmənalı şəkildə etnik məsələlərdən çəkinməlidir, çünki bu hadisə etnik əks səda verə bilər”.

 

Arzu Nağıyev qeyd edib ki, hüquqi müstəvidə qətl hadisəsini törədənlə bağlı məsələyə ciddi yanaşılmalıdır. Deputat onu da əlavə edib ki, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi Azərbaycanın Gürcüstandakı səfirliyinə məlumat verilib: “Hadisə ciddi nəzarətə götürülməlidir. Çünki sonu qarşıdurma ilə nəticələnə bilər. Bu siyasi məsələdir. Düşünürəm ki, məsələnin mahiyyətinə görə Rusiya rəhbərliyi hadisənin araşdırılması məsələsini diqqətdə saxlayacaq. Bu gün artıq Azərbaycan ictimaiyyəti Rusiya Prezidenti Vladimir Putinə müraciət ünvanlayıb. Məhz bu baxımda Rusiya bir nəticə çıxarmalıdır”.

 

Deputat Cavid Osmanov isə bildirib ki, qətli törədən şəxsin azadlığa buraxılması üzücü xəbərdir, bu yolverilməz bir haldır: “Birincisi, burda insan həyatından söhbət gedir. 19 yaşlı gəncin qətlə yetirilməsi hüquq mühafizə orqanları tərəfindən ciddi araşdırılmalı, yol polisi müfəttişinə lazımi qanuni tədbirlər görülməlidir. Bu kimi hallar iki ölkə arasında olan dostluq və mehriban qonşuluq münasibətlərinə xələl gətirə bilər. Bu baxımdan da Rusiyanın hüquq mühafizə orqanları qətli ciddi araşdırmalı və yol polisi müfəttişi Aleksandr Qusevə lazımi cəza tədbirləri verilməlidir və o azadlıqdan məhrum olunmalıdır”.

 

Cavid Osmanov qeyd edib ki, artıq Rusiyasının Novosibirsk vilayətində petisiyaya başlanılıb: “Petisiyayla bağlı Azərbaycan tərəfindən də müəyyən prosedurlar həyata keçirilir, ictimaiyyət nümayəndələri Rusiya tərəfinə bunla bağlı müraciət edərək həmin müfəttişin cəzalandırlması tədbirlərini görmək üçün addımlar atırlar”.

 

Deputat Kamal Cəfərov isə i, Azərbaycan ictimaiyyətinin Rusiyadan ədalətli qərar gözlədiyini bildirib: “Hadisəni törədən səlahiyyət həddini aşmış polis əməkdaşı barəsində həbs qəti-imkan tədbirinin dəyişdirilməsi, cinayətin ört-basdır edilməsi kimi deyil, həm də Rusiya cəmiyyətində ksenofobiyadan əziyyət çəkənlərin təşfiq edilməsi kimi qiymətləndirilə bilər. Bu da Rusiya cəmiyyəti üçün sərt mesaj kimi qiymətləndirilə bilər”.

 

Xatırladaq ki, may ayının 28-də Novosibirsk vilayətinin Moşkovski rayonunda “Toyota” markalı avtomobilin sürücüsü yol polisinin “Saxla” tələbinə məhəl qoymayaraq, hərəkətini davam etdirib. Polislər onu təqib etməyə başlayıblar. Avtomobil yol kənarındakı mehmanxananın qarşısında dayanıb. Bir neçə nəfər avtomobildən düşərək qaçmağa çalışıb. Polis həmin şəxslərdən birini tutaraq patrul avtomobilinə aparıb. Bu zaman qaçanlardan ikisi geri qayıdıb və polisə müdaxilə etməyə çalışıb, onlardan biri baş verənləri videoya çəkib, ikincisi – 19 yaşlı azərbaycanlı Vəkil Abdullayev isə yoldaşını polislərin əlindən almağa çalışıb.

 

Polis V.Abdullaevi bir neçə dəfə vurub, ardınca isə tapançanı çıxararaq ehtiyatsızlıqdan ona atəş açıb. Nəticədə V.Abdullaev başından yaralanıb və xəstəxanada keçinib.

 

Sevinc Vaqifqızı,

Samir Qaragözov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR