"Rusiyalı ekspert rəy verib ki, meyit beş dəqiqəyə o vəziyyətə düşə bilməz" - “NƏRMİN İŞİ”

# 17:19
6 oktyabr 2022

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

 

APA xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda sənədlərin tədqiqi mərhələsi keçirilir.

 

Şəxsi həyata aid məsələlər müzakirə olunduğuna, iş materiallarında bu haqda sənədlər araşdırıldığına görə budəfəki proses qapalı keçirilib.

 

Məhkəmədə ittiham olunan şəxsin telefonu ilə bağlı ekspert rəyi tədqiq olunub.

Həmin rəydə göstərilib ki, İlkin Süleymanovun telefonundan internetdə cizgi filmlərinə və porno görüntülərə baxılıb.

 

Müdafiə tərəfi isə İlkin Süleymanovun telefonuna müdaxilə edildiyini, sübut yaratmaq üçün müxtəlif internet saytlarına baxıldığını deyib.

 

Daha sonra vəkillər vəsatət qaldıraraq 2020-ci il yanvarın 6-da axşam saat 20.00 radələrindən sonra İlkin Süleymanovun telefonunun harada olduğunu müəyyənləşdirmək üçün mobil operatora sorğu göndərilməsini, hansı anten dairəsinin əhatəsində olduğu araşdırılmasını istəyiblər.

 

Məhkəmədə İlkin Süleymanovun işi ilə bağlı Moskvadan alınmış ekspert rəyinin iş materiallarında olmadığı məlum olub. Vəkillər həmin rəyin işə əlavə olunması haqda protokol qəbul olunduğunu məhkəmənin diqqətinə çatdırıblar: “Məşhur rusiyalı ekspert Panov bu hadisə ilə bağlı rəy verib. O rəylə işin halları arasında ziddiyyət var. Məsələn, ekspert rəyi var ki, meyit 5 dəqiqə ərzində yanıb o vəziyyətə düşüb. Rusiyalı ekspert isə rəy verib ki, meyitin o vəziyyətə düşməsi üçün 1-2 saat vaxt lazım idi".

 

Prosesə sədrlik edən hakim Dadaş İmanov sözügedən rəyin iş materiallarına əlavə olunmaması ilə bağlı məsələnin araşdırılacağını deyib.

 

Proses oktyabrın 12-də davam etdiriləcək.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR