Rütubətdən döşəmələr çürüyüb, həyətlərdəki ağaclar quruyub, əkib-becərmək mümkünsüzdür
”Allahyarlı kəndlərini göstərə bilərik, Allahyarlının qonşu kəndlərini göstərə bilərik. Artıq o torpaqları, qamışlıq basıbdır. Onlarla, yüzlərlə torpaq sahəsini qamışlıq basıb. Evlərə su çıxır. Bu hadisələr də var. Milabad kəndi var, Talıbxanlı kəndi var, Allahyarlı… bunlar hamısı suyun altında qalıb. Qrunt suları artıq üzdədir. Bizim bu torpağı da qazsan yarım metrdən sonra su çıxır. Bu həyəcan təbilinin çalınması deməkdir.”
Milabad kəndi Beyləqan şəhər mərkəzindən 14 kilometr məsafədə, Beyləqan-Daşburun yolunun üstündə yerləşir. Kənddə 430 ailə yaşayır. Amma kənd sakinləri qurunt suları səbəbindən uzun illərdir ki, əziyyət çəkir. Qrunt suları onların həyətlərindəki ağacları qurudub, bostan-tərəvəz bitkilərinin yetişdirilməsini mümkünsüz hala gətirib. Bu azmış kimi evlərdə yaranan rütubət döşəmələri çürüdüb sıradan çıxardır. Yay aylarında isə qrunt sularının səviyyəsi daha da artdığından Milabadlıların yaşantısını daha da çətinləşdirir.
-Vallah yayımız yay deyil. Yəni yayda suyun içində üzürük. Biz çox zülm çəkirik xəstə düşmüşük. Bir anam ondan xəstə düşdü paralic oldu. Bizim özümüz də sinir ağrıları tutmuşuq.
-Əkin üçün heç nəyə yararlı deyil. Maldarlıq üçün də yararlı deyil. Evimizi mən bir dəfə dəyişmişəm, məcburam döşəməni bir də dəyişəm çürüyür. Bu gün də rütubətlidir. Xəstəlikdir. Revmatizm xəstəliyidir. Mənim nəvələrim var. Revmatizm xəstəsidir. Hər il mən bor-xərc edib Naftalana müalicəyə gedirəm. Bu artıq 15 ildir belə davam edir.
Bataqlığa, qamışlığa çevrilən ərazilərin sayı o qədər çoxalıb ki, artıq qonşu kəndlərin ərazisində də eyni problem yaşanır. Kənd sakinləri son 15 ildə yüzlərlə hektar torpaq sahəsinin qamışlığa çevrildiyini deyir. Əkin sahələri isə sürətlə şoranlaşır. Fermer Əli Ələsgərov bildirir ki, 5-10 ildən artıqdır ki, torpaqlarda şoranlaşma gedir: “5-10 ildən artıqdır ki, torpaqlarda şoranlaşma gedir. Beyləqan rayonu da həmin torpaqlardan biridir. Bütün torpaqlarımız şoranlaşır. Günü gündən şoranlaşma daha da artır. Gördüyünüz kimi hal-hazırda bu kollektordan haramıdan gələn qrunt sularının hamısı bura ilə axıb kanala kollektora tökülür. O torpaqlarda o sular qalanda qamışlıqlar əmələ gəlir. Duzlar torpaqların eroziya uğramasıdır. Torpaqların bir başa məhv olunması deməkdir. Onda da torpaqların humus qatını bərpa etmək uzun illərlə, 100 illərlə min illərlə başa gələn bir şeydir. Torpaqları belə məhv etmək olmaz. Buna ciddi şəkildə yanaşmaq lazımdır.”
Yaranmış problemlə bağlı Beyləqan Suvarma Sistemləri İdarəsindən İdarənin rəis müavini Ələmşah Əliyev bildirdi ki, 9 il əvvəl həmin ərazilərdə kollektor drenaj sistemində təmizləmə işləri aparılıb. Lakin yenə təmizləmə işlərinə ehtiyac var: “Rayon ərazisində Milabad qəsəbəsi ərazisində yaranan şoranlaşma ilə əlaqədar 2013-cü ildə layihə tərtib edilmiş, layihəyə uyğun olaraq kəndin ərazisində yeni qapalı drenlər layihələndirilmiş və açıq dren lildən təmizlənmişdir. Buna baxmayaraq həmin ərazidə qrunt sularının səviyyəsinin aşağı salınması mümkün olmamışdır. Hal-hazırda da o ərazidə böyük problemlər var. Və ərazidə o problemlərin aradan qaldırılması üçün tədbirlər görülüb. Dövlət proqramına salınmışdır. Və vəsait ayrıldığı təqdirdə həmin plan yerinə yetiriləcək.”
Burada kənd sakinlərinin öhdəliyində 624 hektar pay torpağı var. Dolanışığı torpaqdan çıxan kəndlilər, qrunt suları ucbatından məhsul əldə edə bilmirlər.
Habil Aslanoğlu, Elgün Gəncimsoy, Ziya İsmayılov