Sahələrdən yüksək məhsulu necə əldə etmək olar? - MƏSLƏHƏT

# 16:23
28 iyun 2021

Taxıl sahələrində biçin prosesi davam edir. Artıq ölkə üzrə taxıl sahələrinin 2/3 hissəsində biçin yekunlaşıb.

Kənd Təsərrüfatı Nazirliyindən APA TV-yə verilən xəbərə görə, taxıl üzrə orta məhsuldarlıq 32 sentnerə çatır, biçinin yekununda bu rəqəmin yüksələcəyi gözlənilir:

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov deyir ki, ölkə üzrə taxıl sahələrinin yarıdan çoxunda biçin başa çatıb: “Kənd Təsərrüfatı Nazirliyində biçin prosesinin mütəşəkkil təşkili üçün operativ qərargah yaradılıb. Qərargah üzvləri rayonlarda biçin prosesinin monitorinqini aparırlar. Monitorinqin keçirilməsində bir neçə məqsəd var. Birinci məqsəd biçin prosesinin mütəşəkkil təşkil olunması, texnikaya olan tələbatın dərhal ödənilməsidir. Biçindən əvvəl rayonların texnikaya olan tələbatı öyrənilib və buna uyğun biçin zonasına texnikalar dislokasiya olunub. Biçin prosesinin düzgün təşkil olunması və hava şəraitinin əlverişli olması səbəbilə ötən illə müqayisədə 10 faiz artıq biçin aparılıb”.

Vüqar Hüseynovun sözlərinə görə, artıq Azərbaycanda fərdi təsərrüfatlarda hər hektardan 60 sentnerdən artıq məhsul götürmək illüziya deyil. Bir çox təsərrüfatlarda fermerlər bu il çox yüksək məhsuldarlıq əldə ediblər: “Əvvəlki illərdə olduğu kimi bu il də Bərdə rayonunun fərdi təsərrüfatlarında çox yüksək məhsuldarlıq göstəriciləri əldə olunub. Artıq bir neçə təsərrüfat arpa biçinini 45 sentnerlik yüksək göstərici ilə başa vurublar. Buğdaya gəldikdə isə, Bərdədə fərdi təsərrüfatlarda 60, 70, 80 sentner məhsul götürən fermerlərimiz var. Bu fermerlər və onların təsərrüfatları bir model, nümunədir. Ölkənin istər yemlik, istərsə ərzaqlıq taxıla olan tələbatını ödəmək üçün hektara görə məhsuldarlığı artırmaq lazımdır. Məhsuldarlığı artırmağın yeganə yolu aqrotexniki qulluq tədbirlərinin düzgün həyata keçirilməsidir”.

Uzun illər Bərdə rayonunda taxıl əkən fermer Saleh Qasımov da bu mövsüm yüksək məhsul götürüb. O məhsuldarlığın sirrini doğru toxum seçimi və düzgün aqrotexniki qulluqla əsaslandırır: “Bu il şükürlər olsun ki, çox yaxşı taxılımız var. Bu sahədən də yüksək məhsuldarlıq verəcək yerlərim var. Hazırda biçin gedən yerdən hər hektardan 65 sentner məhsul götürmüşəm. “Qrom” sortu əkmişəm, yüksək səviyyədə aqrotexniki qulluq etmişəm, yaxşı da məhsul götürmüşəm. Kombaynla bağlı heç bir problem yoxdur. Dünən müraciət etdim, bu gün gəlib biçdilər”.

Qeyd edək ki, hazırda Azərbaycanda taxıl sahələrinin 64 faizində biçin başa çatıb. Sahələrdən 2 milyon tondan çox məhsul yığılıb. Kənd Təsərrüfatı Nazirliyi biçin prosesini optimal müddətdə başa çatdırmağı nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR