Sakinlər dad eləyir, dövlət agentliyində söz deməyə adam tapılmır – APA TV

# 14:39
19 avqust 2022

Sakinlər dad eləyir, dövlət agentliyindən səs çıxmır – APA TV

Bu gün bölgələrimizin əsas problemlərindən biri də yollarla bağlıdır. Azərbaycanda demək olar ki, yol problemi olmayan rayon tapılmır. Sakinləri isə əsas yandırıb-tökən aidiyyəti qurumların şikayətlərə biganə yanaşmalarıdır.   

Salyanın 6 kəndinin camaatı da gileylənir ki, əzablı, məşəqqətli yollarda ömür çürütməkdən zara gəliblər. 6 mindən çox sakinin yaşadığı Yolüstü, Yeni  Uluxanlı, Peyk, Kürsəngi, I Varlı və II Varlı kəndlərini birləşdirən 21 kilometrlik yol bərbad vəziyyətdədir. Sakinlər deyir ki, dəfələrlə cavabdeh qurumlara müraciət etsələr də, bir nəticə hasil olmayıb. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli ilə əlaqə saxladıq. Yazıb soruşduq ki, bu qədər insan XXI əsrdə nə vaxta kimi bu yollarda əzab çəkəcəklər? Biz soruşduq, amma sualımız oxunsa da, cavabsız qaldı. Üç gün boyunca zənglərimizə cavab verilmədi. Səbrimizi sıxıb qurumun email adresinə yenidən sorğu ünvanladıq. Yenə də cavab gəlmədi. İnsanlıq halıdır, iş prosesidir deyib, qurumun qaynar xəttini də yığdıq. Üç gün ərzində etdiyimiz zəngləri operatora qoşsalar da, dəstəyi götürməyə bircə bəndə tapılmadı. Elə bil Agentliyin qapısına qıfılı vurub, kollektiv şəkildə məzuniyyətə çıxıblar. 

AAYDA ilə qaçdı-tutdu oynamağımızın 4-cü günündə nəhayət ki, qaynar xəttə etdiyimiz zəngləri cavablandıran bir Allah bəndəsi tapıldı. Operatorla danışığımızdan sonra qurumun mətbuat katibinin səsini eşitmək şərəfinə nail olduq.

Bəli, 4 gündən sonra nə dediklərini eşitdiniz. Ancaq atalar da deyib ki, halva-halva deməklə ağız şirin olmaz. İndi bu camaat məhsulunu bazara hansı yolla aparsın ki, yollar təmir edilənə kimi azuqəsini, dolanışığını təmin edə bilsin?

Yol sarıdan günü-güzəranı qaralan rayonlarımızdan biri də Lənkərandır. Girdəni-Havzava kənd yolunun kənarında 2500 nəfər əhali yaşayır. Sakinlərin sözlərinə görə, 8,5 km uzunluğundakı bu yol əməlli-başlı dərdə çevrilib. Sözügedən yolda gediş–gəliş o həddə çatıb ki, təcili tibbi yardım maşınları ya gəlib çata bilmir, ya da iş-işdən keçəndən sonra gəlib çıxırlar.
Sakinlər deyirlər ki, bütün şikayətlərin qarşılığında eyni cavabı alırlar: “Yerli bələdiyyəniz var, ona müraciət edin”, ya da “büdcədən hələ ki, vəsait ayrılmayıb”.

Yenidən aidiyyəti qurumla, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq. Aldığımız cavab isə nə Salyandakı yol problemi ilə bağlı sualımıza verilən cavabdan, nə də eyni problemlə bağlı bundan əvvəl çəkdiyimiz süjetlərdə verilən vədlərdən fərqli olmadı. 

Bəli, bu yolun da yenidən qurulması nəzərdə tutulub, bu yol da pul ayrılan kimi düzələcək. Amma nə kəramətdirsə, illərdir ki, nə pul ayrılır, nə də yol yenidən qurulur.  

Uzun sözün qısası, yolumuza düyün düşüb, düyün çox. Bəlli deyil bu düyünlər açılacaq, yoxsa yox. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR