Şamaxı sakinləri 8 ildir pəncərələrini aça bilmirlər

# 16:29
29 mart 2023

Şamaxının giriş hissəsində yerləşən, rayonun ən böyük yaşayış massvlərindən biri olan 48 A məhəlləsinin bəzi küçələrində kanalizasiya xətləri yoxdur. Sözügedən yaşayış massivinə 2012-ci ildə kanalizasiya xətləri çəkilsə də, həmin məhəllədə məskunlaşan 300-ə yaxın sakin bu sistemdən istifadə edə bilmir. Məcburiyyətdən çirkli suları həyətlərində qazdıqları quyulara axıtmalı olurlar. Bu isə həm anti-sanitariyadır, həm də küçənin azyaşlı sakinləri üçün təhlükə yaradır.

Həyətlərdəki quyulara axan, küçələrdə üfunət qoxan çirkab sularını sakinlər xüsusi avtomobillərlə çəkdirir, amma bu da problemin həllinə kömək olmur. Yağış yağanda isə burada daha da acınacaqlı vəziyyət yaranır. Əsasən yay aylarında daha çox problemlə üzləşən sakinlər deyirlər ki, bu məsələ artıq 8 ildən çoxdur günlərini qara edib. Kanalizasiya xətlərinin olmaması səbəbindən çirkab sular küçəyə axıdılır və nəticədə  yolda çirkab sularından gölməçələr yaranır. Şikayətçilərin sözlərinə görə, üfunət qoxusundan günəşli havalarda evlərinin qapı-pəncərələrini aça bilmirlər.

Qeyd edək ki, 48A məhəlləsinin bütün küçələrinə asvalt örtüyü vurulsa da, bu ərazidə işlər yarımçıq saxlanılıb. Buna da səbəb kanalizasiya xətlərinin cəkilməməsidir.

Məhəllənin ikinci ən böyük problemi isə zibillikdir. Küçənin yuxarı başında nəzarətsiz və antisanitar şəkildə yığılmış zibilin qoxusundan insanın ürəyi bulanır. Sakinlər deyirlər ki, digər məhəllələr gecələr maşınlarla xəlvət gəlib zibillərini bura atırlar.

Aidiyyəti şəxslər hər dəfə problemi həll edəcəklərini desələr də, küçənin kəndarına çıxan kimi vədlərini unudurlar.

 

İlham Əhmədov

Taleh İbrahimov

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR