Səhər ailəsi ilə danışıb, günorta şəhid oldu
Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalanlardan biri də 19 yaşlı Nurağa Davud oğlu Tağıyevdir.
APA TV-nin şimal bürosunun xəbərinə görə, Nurağa Tağıyev 2001-ci il aprelin 20-də Xaçmaz şəhərində dünyaya göz açıb.
Ailənin sonbeşiyi, evin tək oğul övladı idi. Nurağa orta məktəbdə təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Cəsur əsgər Vətən Müharibəsinin ilk günündən döyüşlərə qatılıb.
Atası Davud Tağıyev deyir ki, oğlu Murovdağ istiqamətindəki döyüş mövqelərinin düşməndən azad olunmasında fəal iştirak edib: “2019-cu ilin aprel ayında hərbi xidmətə yola saldıq. Goranboyda xidmət edirdi. İdmana həvəsi vardı. Cüdo ilə məşğul olub. Mehriban, hamı ilə dil tapan uşaq idi. Hərbi xidmətini başa vurduqdan sonra hüquq-mühafizə orqanlarında işləmək arzusunda idi. Sentyabrın 27-də danışanda bildirdi ki, döyüşlərə qatılıb. Telefonla danışanda ürəkli, mərdi-mərdanə danışırdı. Deyirdi, “hər şey yaxşıdır, ermənilər dovşan kimi qaçırlar, məndən arxayın olun”. Oktyabrın 10-da səhər saatlarında sonuncu dəfə danışdıq. Günorta isə şəhid olması xəbərini aldıq”.
Qəhrəman döyüşçü Vətən Müharibəsinin 14-cü günü - oktyabrın 10-da Murovdağ istiqamətində döyüşlərdə ağır yaralanıb. Yanında mərmi partlaması nəticəsində yaralanan Nurağa hospitala çatdırılanadək şəhidlik zirvəsinə ucalıb.
Şəhidin anası Yeganə xanım deyir ki, oğlunun çox arzuları olub. Ən əsas arzusu isə dünyaya yeni gələn bacısı oğlunu görmək imiş: “Nurağa cəsur, ağıllı oğul idi. Müharibə vaxtı telefonla danışırdıq. Mənə deyirdi ki, ana, ağlama. Hətta bir dəfə telefonla danışanda güclü atəş səsləri gəldi. Narahat olduq. Nurağa gülə-gülə dedi ki, narahat olmayın, atan bizik. Bizi çox arxayın etmişdi. Bilirdik müharibənin içindədir. Amma elə danışırdı ki, elə bil heç döyüşlərdə deyil. Çox arzuları vardı. Bacısının övladı dünyaya gəlmişdi, onu görmək istəyirdi. Sonuncu dəfə şəhid olan günü səhər danışmışdıq. “Nurağa, özündən muğayat ol” dedim... Oğlumla fəxr edirəm! Şəhid anası olmaq çox şərəflidir”.
Qəhrəman döyüşçü ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub. Xatirəsini əbədiləşdirmək məqsədilə yaşadığı küçəyə şəhid Nurağa Tağıyevin adı verilib.
Vəli Turan,
Mais Allahverdiyev,
APA TV