Şəhər və rayonlarımızda 20 yanvar şəhidləri anılıb

# 15:50
20 yanvar 2022

Gəncədə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi ehtiramla yad edilib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, anım mərasimi şəhərin Şəhidlər Xiyabanında keçirilib.

 

Əvvəlcə Şəhidlər Xiyabanının girişində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüş şəxslərin xatirəsinə inşa edilmiş və üzərində 100-ə yaxın şəxsin adı qeyd edilmiş lövhənin önünə güllər düzülüb. Daha sonra şəhidlər memorial kompleksinin önünə əklil qoyulub və şəhidlərin məzarları ziyarət edilib.

 

Matəmin 32-ci ili Ağdamda da qeyd olunub. Rayonun girişində ucaldılan abidə kompleksinin

önündə toplanan insanlar, rayon ictimaiyyəti müstəqil Azərbaycan Respublikasının ilk fədailərinin xatirəsini yad etdib.

 

Ucar rayonunda da şəhidlərin xatirəsi anılıb. Şəhidlər bir dəqiqəlik sükutla yad edilib.

Ümumxalq Hüzn Günü Sumqayıt şəhərində böyük izdihamla qeyd olunub. Şəhər ictimaiyyəti Sumqayıtdakı şəhidlər memorial kompleksini ziyarət ediblər. Sonra mərasim iştirakçıları şəhərin Şəhidlər xiyabanında olmuş, şəhidlərin məzarları üzərinə qərənfillər düzüblər.

 

Sumqayıt Cümə Məscidində şəhidlərin ruhuna dua oxunub.

 

20 Yanvar hadisələrinin ildönümü Masallıda da qeyd edilib. Saat 12:00-da Masallının bütün ərazilərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Faciənin il dönümü Gədəbəy və Xaçmazda da qeyd olunub. Faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib.

 

20 Yanvar faciəsinin 32-ci il dönümü Şirvanda da qeyd olunub. Şəhidlər memorial kompleksi ziyarət edilib. Şəhidlərin xatirəsi ehtiramla yad olunub.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR