Şəhid atası: “Maaşından imkansız ailəyə kömək etdiyini şəhid olandan sonra bildik”

# 10:30
22 aprel 2021

Xaçmaz rayonunun Bayoba kəndindən olan şəhid Vahid Məcnun oğlu Baxşıyev Murovdağ zirvəsi uğrunda şiddətli döyüşlərin iştirakçısı olub.

APA TV-nin yerli bürosunun xəbərinə görə, 21 yaşlı Vahid Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi Vətən Müharibəsinin ilk günündən döyüşlərə qatılıb. Kəşfiyyatçı gizir oktyabrın 30-da yanında mərmi partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb.

Anası Mehri Baxşıyeva deyir ki, Vahidin hərb elminə böyük həvəsi vardı: “Çox gözəl övlad idi. Bir sözümüzü iki etməzdi. Evimizin sonbeşiyi idi. Şeir yazırdı. Müharibə vaxtı hər gün danışırdıq. “Vahid, özündən muğayat ol” deyirdim. Məni aldadırdı ki, guya döyüşlərə girmir. Təlimlərdən sonra evə gəlmişdi. Çantası 60-70 kiloqram olardı. Həmin çanta ilə dağlara çıxırdılar. O, mənim başımı ucaltdı. Vətənpərvər idi, müharibədən, erməniləri torpaqlarımızdan qovmaqdan danışırdı. Şəhid olan günü telefonla danışdıq. Günorta saat 1-də zəngləşdik. Atası, qardaşı ilə zarafatlaşıb güldülər. Bir-iki saatdan sonra şəhid olub. Məndən gizlətmişdilər”.

Vahid müharibənin ilk günlərindən Murovdağ zirvəsinin azad olunması əməliyyatlarında fəal iştirak edib. Atası Məcnun Baxşıyev deyir ki, cəbhənin digər istiqamətlərində yaşayış məntəqələrinin işğalına son qoyulması üçün irəli atılan birləşmələrdə yer alıb: “Sakit uşaq idi. Məktəbdə oxuyanda vaxtından əvvəl əsgərliyə getmək istəyirdi. Vaxtı çatanda hərbi xidmətə yollandı. Xidmətini başa vurandan sonra da öz istəyi ilə hərbidə qaldı. Xeyirxahlığı ilə də seçilirdi. Maaşından imkansız ailəyə kömək edirmiş. Şəhid olandan sonra bu barədə bildik. Keçən ilin yanvarından hərbidə çalışmağa başlamışdı. Döyüşlər vaxtı bizə ətraflı məlumat vermirdi. Yalnız onu deyirdi ki, əmr gözləyirik. Halbuki od-alovun içində döyüşürdü. Son savaşdan qabaq da zəng eləmişdi. “Hər şey yaxşıdır” dedi. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Qardaşı Mahir Baxşıyevin sözlərinə görə, Vahidin musiqiyə, incəsənətə marağı olub: “Vahidin musiqiyə, incəsənətə marağı vardı. Şeirlər yazırdı, rayonda mədəni tədbirlərdə iştirak edirdi. Fəxri fərmanla təltif olunub. Şəhid olması xəbərini noyabrın 1-də eşitdim. İşdə idim, əmim zəng edərək xəbər verdi. Ürək nahiyəsindən qəlpə yarası alıb. Döyüş yoldaşlarının dediyinə görə, yanında mərmi partlaması nəticəsində şəhid olub. Vətən sağ olsun!”

Şəhid Vahid Baxşıyev ölümündən sonra “Vətən uğrunda medalı” ilə təltif olunub.

 

Vəli Turan,

Mais Allahverdiyev,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR