Şəhid Şahin Hüseynli: “Biz atasız böyüdük, amma qoy qardaşımın balaları atasız böyüməsin”

# 18:28
4 may 2021

Yaşasaydı bu gün 26 yaşını qeyd edəcəkdi. Ailəsi, yaxınları, sevdikləri ilə birgə. Amma olmadı.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, şəhid Şahin Hüseynli 1995-ci il mayın 4-də Beyləqan şəhərində anadan olub.

 

2013-2015-ci illərdə həqiqi hərbi xidmətdə olub. Əsgərlikdən sonra o da özündən 5 yaş böyük qardaşı kimi yenidən hərbi xidmətə qayıdıb və torpaqlarımızın müdafiəsində dayanıb.

 

Bir ailədə 3 oğul böyüdən Tərgül ana övladları körpə ikən həyat yoldaşını itirib. Ailənin sonbeşiyi olan Şahin hər dəfə anasına “mən şəhid olum, amma qardaşım yox. Biz atasız böyüdük, amma qoy qardaşımın balaları atasız böyüməsin” deyib: “Çox vətənpərvər idi, inanmırdım ki, o geri sağ qayıda, heç qazi kimi də gözləmirdim. Deyirdi ki. ölənə kimi döyüşəcəm. Deyirdi nə qədər canım var vuruşacam. Həmişə deyirdi ki, mən yetim böyümüşəm. İstəmirəm qardaşlarımın balası yetim qala”.

 

Ordumuzun kiçik çavuşu olan Şahin Hüseynli Vətən Müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və şəhid olub.

 

Şəhidin komandiri Eldar Abbasov onun döyüş yolunu belə xatırlayır: “Süni və təbii manelər hamısı bizim əlehimizə idi. Buna baxmayaraq birinci növbədə hərbi qulluqçularımızın döyüş ruhu sarsılmaz idi. Biz bir millət olaraq otuz ildir gözləyirdik və bu yük bizim çiynimizə düşdüyü üçün çox sevindik. Və bu şərəfə nail olduğumuz üçün sox sevindik”.

 

Bu gün Şahinlərimizlə qürur duyan təkcə onların ailə üzvləri deyil, dünyanın hər hansı bir ölkəsində yaşamağından asılı olmayaraq, qəlbi Azərbaycanla döyünən hər bir soydaşımız onlarla qürur duyur.

 

Şəhidin qardaşı Babək Hüseynli deyir ki, əvvəl atam, sonra da anam bizi çox vətənpərvər böyüdüb: “Düzdü mən özüm döyüşmədim, iki qardaşım döyüşdü. Biri şəhid oldu, biri qazi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Əvvəl ordumuz zəif idi, texnikamız yox idi, rəhbər zəif idi. İndi şükür “Dəmir yumruq” altında 44 günə torpaqlarımız azad olundu”.

 

Qardaşı Pərviz də Şahinlə qürur duyur: “Qürurverici bir hisdir, bütün şəhidlərimiz, qazilərimiz, düzdü sağlamlıqlarından məhrum olublar. Buna baxmayaraq onların valideynləri, özləri, qohumları, övladları qürur hissi duyur”.

 

Şahin Hüseynli ölümündən sonra "Vətən uğrunda" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR