Şəhid Sarvanın Sarvanə adlı qız övladı doğuldu - REPORTAJ
Ay ulduzlu bayrağa bükülmüş bu körpə Yardımlının Zevin kəndindən olan şəhid Sarvan Mirzəyevin nişanəsidir.
APA TV xəbər verir ki, daha bir şəhidimizin övladı dünyaya gəlib.
Həkim ginekoloq Xəyalə Təhməzli deyir ki, şəhidin yoldaşı hamiləliyi çətin keçən bir xəstəmiz idi: “Şükürlər olsun ki 9 aya kimi gətirib çatdıra bildik. Vaxtında doğuldu. Çəkisi 2.850 qram, boyu 50 sm, qız uşağı sağlam dünyaya gəldi. Bu gün də evlərinə yola salırıq”.
2020-ci ilin sentyabrında Vətən Müharibəsi başlanan zaman xidmət etdiyi Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşlərə qatılan zaman körpəsinin doğulacağını bilirdi Sarvan. Lakin iki aylıq olan körpənin cinsiyyəti ona məlum deyildi. O səbəbdən də bu gün Mirzəyevlər ailəsi doğulan körpəyə atası Sarvanın adına uyğun olaraq Sarvanə adını veriblər: “Hər dəfə danışanda deyirdi narahat olmayın tezliklə gələcəm. Yanınızda olacam. Qismət olmadı gəlməyi. Uşağını görməyi. Arzuları vardı ki, övladım üçün hər şey edəcəm. Onun təhsilini yaşayışını təmin edəcəm”.
Bu gün şəhid balasının yeganə körpəsini qarşılamağa gələn şəhidin atası Əli Mirzəyev oğlunun hər dəfə “ata ən böyük arzum Qarabağda savaşıb zəfər bayrağını Şuşada sancmaqdır” söylədiyini deyir. Onun sözlərinə görə, doğmaları ilə telefonla danışanda hər zaman şəhidlik məqamının müqəddəsliyindən danışarmış. Deyir ki, elə bu məqama yüksəlmək də məhz Şuşada baş verdi, gözlədiyi arzuna çatdı: “Bu gün həm sevinirəm ki, balamın nişanəsi qaldı. Həm də kədərlənirəm ki, kaş ki özü sağ olub onu görəydi. Bir tərəfdən düşünürəm ki yaxşı ki Sarvanın nişanəsi qaldı. Çünki elə şəhidlərimiz var, onlardan geriyə heç bir nişanə qalmadı. Valideyn üçün bu çox ağırdır. Mən hər zaman oğlumla fəxr etmişəm. Bu balaca bala da atasına layiq övlad olar”.
Sarvanın gözəl xasiyyətindən danışan Elnarə ana isə deyir ki, övladı ilə son dəfə danışanda ”əgər mən şəhid olsam evdəki əmanətimi göz bəbəyin kimi qoru, Ana!” söyləyib: “Bir övlad itirmək ana üçün çox çətindir. Amma bu gün balamın balasını çox çətinlikdə olsa göydə allah yerdə Xəyalə həkim onu bizə qazandırıblar. Sevincimin həddi hüdudu yoxdur. Atasına layiq övlad kimi yetişdirəcəm. Biz hər zaman atası ilə necə fəxr etmişiksə onunla da eləcə fəxr edəcəyik”.
Daha sonra körpə Sarvanə yaxınlarının, doğmalarının, Sarvan sevənlərin əhatəsində alqışlarla evlərinə yola salınıb. Yolun uğurlu olsan körpə bala.
Xatırladaq ki, 25 yaşlı Sarvan Mirzəyev Şuşa istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Noyabrın 11-də Biləsuvar rayonunda dəfn olunub.
Sarvan Mirzəyev ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
İlahə Vəliyeva,
Musa Qulammirzəyev,
APA TV
DİGƏR XƏBƏRLƏR

Qubalıların ziyarət yeri olan bu məkanda 400-dən çox insan cəsədinin qalıqları var

Qubalıların ziyarət yeri olan bu məkanda 400-dən çox insan cəsədinin qalıqları var

“Nərmin işi”ndə ziddiyyətlər: Hadisə yerindən tapılmayan materiallar ekspertizaya necə gəlib çıxıb?
