Şəhidin doğum günündə xatirə abidəsi ucaldıldı - ANIM

# 16:57
2 iyun 2021

Füzuli, Cəbrayıl, Hadrut və Zəngilan uğrunda gedən döyüşlərdə şücaətlə vuruşdu. Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid oldu.

 

Yaşasaydı, bu gün 26 yaşı tamam olacaqdı şəhid Nurəhməd Hacıbəy oğlu Ulubəyovun. Lakin o, cismən yaşamağı deyil, vətən uğrunda canından keçməyi seçdi. Bu gün ailəsi və yaxınları Nurəhmədin 26-cı doğum gününü II Fəxri Xiyabanda məzarı başında qeyd ediblər.

 

26 il əvvəl qucağına aldığı övladının doğum gününü onsuz qeyd edən ana oğlu haqqında danışmağa çətinlik çəkir. Atası isə deyir ki, Nurəhməd  öz sinif yoldaşı ilə nişanlandıqdan sonra könüllü olaraq orduya yazılmışdı: “Nişanlı idi, fevralın 7-də nişanlanmışdı öz sinif yoldaşına. Ayın 21-də Xətai Rayon Səfərbərlik İdarəsindən təlimə çağırıldı. Sentyabrın 27-si könüllü olaraq orduya yazıldı. Füzuli uğrunda gedən döyüşlərdə iştirak etdi, elə Füzuli uğrundakı döyüşlərdə də şəhid oldu”.

 

Qardaşı Amid Ulubəyovun sözlərinə görə sonuncu dəfə Füzulidə görüşüblər: “Sentyabrın 27-də bir yerdə idik Füzulidə. Son görüşümüz də orada oldu bizim. Bilirdik ki, döyüşdür, qatılıb, Vətəni qorumalıdır. Fəxr edirəm onun qorxmazlığı ilə. Bilirdi ki, belə bir şey ola bilər. Axırıncı danışığımızda halallıq istədi, mənə əmanət etdi yaxınlarımı. Əmanət etməyi ilə anladım ki, dərk edir necə ciddi döyüşün içində olduğunu”.

 

Qeyd edək ki, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi ilə şəhidin evinin önündə xatirə abidəsi ucaldılıb.


Bədii qiraətçi Məleykə Alıoğlu isə Nurəhmədin oğlu ilə dost olduğunu və onun Vətənpərvər bir igid olduğunu deyir:

 

Vətən mənim bu günüm,

sabahkı toy düyünüm

Haqqım var ki, öyünüm

Azərbaycan deyəndə!

Ürəklərdə döyünüm,

Azərbaycan deyəndə!

 

Nurəhməd, bax belə, ürəklərdə döyünən igidə çevrildi. Nurəhməd mənim gözümün qabağında böyüyüb, kiçik oğlumun ən yaxın dostu olub. Həqiqətən də çox ağırdır onun artıq bu dünyada olmaması. Sadəcə, bir təsəllimiz var ki, Nurəhməd Azərbaycanımızın birliyi uğrunda şəhid oldu. Hər səhər pəncərəmi açanda Nurəhmədin büstü ilə rastlaşıram. Düşünürəm ki, onun anası, atası üçün nə qədər ağırdır bu büstü görmək. Həm ağırdır, həm də təsəllidir onun xatirəsinin əbədiləşdirilməsi”.

 

Qeyd edək ki, şəhid Nurəhməd Hacıbəy oğlu Ulubəyov 2 iyun 1996-cı ildə Bakı şəhərində anadan olub. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında təhsil alıb. Oktyabrın 8-də Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olub və II Fəxri Xiyabanda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

 

FATMA ZAHİDQIZI

ÜZEYİR AĞAYEV

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR