Şəhidlərimizin şəklini zibillikdəki su qablarının üstünə kim vurub?

# 20:23
22 oktyabr 2021

Şəhidlik müqəddəsdir. Şəhidlik Vətənə sonsuz sevginin təcəssümüdür. Şəhidlik şərəf zirvəsidir. Bu zirvəyə çatmaq,  bu məqama yüksəlmək hər insana nəsib olmur.

Elə bu məqamı yüksək tutub, şəhid adını ən ali məqamda saxlamağı da hər adam bacarmır. Niyə belə deyirik?

 

 

Təəssüf ki, son zamanlar şəhid adından, şəhid məqamından öz məqsədləri üçün istifadə etməyə çalışanlara, şəhidlərimizin xatirəsinə layiq davranmayanlara rast gəlirik. Əksəriyyət bu cür arzuolunmaz hala bilməyərəkdən, fərqində olmadan yol versə də, bəziləri məqsədli şəkildə edir. Bəzən isə bu addımın hansı niyyətlə atıldığını anlamaqda çətinlik çəkirik.

 

Paytaxt sakini Elmira Rüstəmova kimi... Onu APA TV-yə şikayət etməyə məhz qarşılaşdığı bu cür neqativ hal vadar edib.

 

Özündən dinləyək: “Zibillikdə aşkar edilən plastik su qablarının üstündə şəhid general Polad Həşimov da daxil olmaqla 44 günlük Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğrunda rəşadətlə döyüşərək canlarından keçən qəhrəman şəhidlərimizin şəkillərini əks olunub. Məlum olub ki, bu su qabları Kərbəlada öldürülən imamlara ehsan olaraq insanlara paylanılıb. Bu insanlar şəhidlərimizin şəkli olan plastik butulkaların zibilikdə aşkar edilməsində məsuliyyət daşıyaraq onların xatirəsini təhqir ediblər. Hər kəs bilir ki, su butulkasının adam aparıb evinin ən əziz yerinə qoymur, içir və atır zibil yeşiyinə. Şəhidlərimizi bu cür dəyərsizləşdirmək olmaz axı”  

 

Elmira Rüstəmovanın sözlərinə görə, apardığı araşdırma zamanı məlum olub  ki, həmin plastik su qablarını camaata “Ümid” Xeyriyyə Cəmiyyəti adlı qurum paylayıb. Bu qurumun rəhbəri isə Raya Məlikova adlı şəxsdir: “Mən şəhidimin, Poladın haqqını tələb edirəm. Mən vətəndaş olaraq bunu tələb edirəm. Özümə borc bilirəm. Bu gün mən etməyim, siz etməyin, bəs kim tələb etsin bu haqqı. Hər şeyi də dövlətdən gözləməyək. Dövlətin daha vacib görüləsi işləri var. Biz vətəndaş olaraq səsimizi bu haqsızlığı edənlərə qaldırmalıyıq ki, onlar öz əməllərindən utansınlar. Belə qarayaxmalar çoxdur, aidiyyəti orqanlar maraqlanıb vaxtında qarşısını almalıdır”.

 

Məqsədini və mövqeyini öyrənmək üçün “Ümid” Xeyriyyə Cəmiyyətinin sədri Raya Məlikova ilə əlaqə saxlamağa çalışdıq. İki gün arayıb-axtardıqdan sonra nəhayət ki, onunla əlaqə qura bildik. Lakin xanım müsahibə verməkdən qəti imtina etdi və bu məsələ ilə bağlı deyiləcək sözü olmadığını bildirdi.

 

Ancaq ondan fərqli olaraq, su qutularının üstünə şəkilləri vurulan şəhidlərimizin ailə üzvlərinin deyəcək çox sözü var.

 

Milli Qəhrəmanımız Polad Həşimovun anası Səmayə xanım bildirdi ki, Azərbaycanın istənilən dövründə şəhid olan qəhrəman oğulların adlarından və şəkillərindən yersiz hallarda istifadə edilməsinə qəti etiraz edir. Çünki Şəhidlər Vətənin var olması, bütöv və azad yaşaması uğrunda öz canlarını fəda ediblər. Onların məqamına hamı bir nəfər kimi hörmət etməli, adları uca tutulmalıdır.

 

Şəhid generalımızın bacısı Kəmalə Həşimova isə bildirdi ki, bundan əvvəl də belə neqativ hallarla üzləşiblər. Bir neçə dəfə hüquq-mühafizə orqanlarına müraciət ediblər, amma təəssüf ki, bu müraciətlər nəticəyə ciddi təsir etməyib: “Bunun ən başlıca səbəblərdən biri qanunlarda olan boşluqlardan ibarətdir. Çünki 30 ildən sonra torpaqlarımızı müharibə yolu ilə azad edən şəhid və qazi məsələsinə xalqımız çox həssas yanaşır. Amma bu 30 ildə də çoxlu şəhidlərimiz və qazilərimiz olub. Amma onlarla bağlı bir qanun yoxdur. Əminəm ki, Polad Haşımovun şəklinin zibillikdəki butulkanın üstündə olmasından milyonlarla insan narahat olub. Amma bu məsələ qanunla tənzimlənsə buna görə sərt cəzaların olması insanları belə addım atmaqdan çəkindirər. Çünki qanunvericilikdəki bu boşluqdan istifadə edən bir çox işbazlar meydana çıxıblar. Bizim müqəddəs şəhidlərimizə toxunanlar ictimai qınamaqla yanaşı həmdə sərt cəzalandırılmalıdırlar”.

 

Bəs həqiqətənmi qanunvericilikdə bu məsələ ilə bağlı boşluqlar var?

 

“Norma” Hüquq Mərkəzinin direktoru Şamil Paşayev hesab edir ki, istənilən bir şəxsin şəkilini hər hansı bir markanın və ya məhsulun üzərinə vurmamışdan əvvəl onun hüquqi varisi ilə məsləhətləşmək, onun icazəsini almaq lazımdır. Şəhidin hüquqi varisindən icazə almadan bu şəkillərdən və ya adlardan istifadə edilərsə, bu qanunvericiliklə qadağandır: “Hesab edirəm ki, şəhid adının hansısa məhsullara verilməsi və ya şəhid adının əbədiləşdirilməsi məsələlərini qanunvericiliyə salınması vacibdir, bu kimi hallarda şəhid adının uca tutulmasını təmin etmək həm özəl həm də dövlət orqanlarında həyata keçirilmiş olar. Ona görə də qanunvericiliklə rəsmiləşdirilməsi bu məsələdə daha doğru addım olmuş olar. Bununla yanaşı əgər şəhidin hüquqi varisi həmin şəhidin adının və ya şəklinin xoşağəlməz əşyanın üzərində görərsə həmin varis qanuni şəkildə məhkəməyə müraciət edə bilər və ona dəymiş mənəvi ziyanı təzminat olaraq almış olar”.  

 

Ali Qanunverici orqan olan Milli Məclisin deputatı Jalə Əliyeva isə deyir ki, təkcə hansısa istehsal məhsullarının üzərində deyil, eləcə də mağazaların üzərində şəhidlərin şəkillərinin vurulması yolverilməzdir. Çünki artıq bir ildir açıq havada vurulan şəkillər müəyyən təbiət hadisələri nəticəsində ya rəngi solub, ya da yararsız hala düşüb. Bu isə kənardan heç də xoş mənzərə yaratmır: “Hesab edirəm ki, şəhid adımızı yüksək tutmaq və əbədiləşdirmək üçün dövlətin qarşıya qoyduğu istiqamətlərdə irəliləməliyik. Bu gün onların ruhu bizim hər birimizin qəlbinə əbədiləşməlidir, eyni zamanda əhəmiyyətli dövlət atributlarında yaşayırlar. Bunları gəlin daha da yüksəldək, kiçiltməyək.  Şəhidlərin adına küçələr, parklar salınır, məktəblərə şəhidlərin adı verilir, eyni zamanda şəhidlərin abidəli ucaldılır, şəhərlərin ən görməli yerində şəhidlərə barilef qoyulur, adlarına bulaqlar tikilir. Baxın şəhidlərin adları belə əbədiləşdirilməlidir”.

 

Deputat Sabir Rüstəmxanlı da əşyaların üstünə şəhidlərimizin şəkillərinin yapışdırılmasının əleyhinədir. “Şəhidlərimizi su butulkalarının üstündə deyil ürəyimizdə yaşatmalıyıq” deyən deputatın sözlərinə görə, qəhrəmanlıq bir anda olur, amma neçə əsr, neçə qərinə danışılır. Qəhrəmanlıq mənəviyyat zənginliyindən irəli gəlir. Buna görə də şəhid adı toxunulmazdır: “Qəhrəmanları bu cür xırdalamaq, hər hansı xoşagəlməz reklam çarxlarında və ya gəlir, mənfəət üçün istifadə etmək yolverilməzdir. Hesab edirəm ki, onların bəziləri bunu doğurdan sevgi ilə ifadə edib. Amma bəziləri ola bilər düzgün başa düşmür onları da başa salmaq lazımdır ki, şəhidlərin adını daha uca işlərdə görün. Şübhəsiz bunu qanuniləşdirmək lazımdır. Düşünürəm ki, şəhid adlarının əbədiləşdirilməsi haqqında qanunların müzakirəsi zamanı bunu da müzakirə etmək lazımdır. Bu məsələni daha da təkmilləşdirmək lazım olacaq”.

 

Bəli, şəhidlərimizlə bağlı mövzularda diqqətli olmalı, daha həssas davranmalıyıq. Çünki şəhidlərimiz bayraq, himn, gerb kimi bizim milli dəyərlərimizdirlər. Bu dəyərləri hansısa əşyaların üzərində deyil, məhz başımızın üstündə qürurla saxlayıb, fəxrlə daşımalıyıq. Bir daha yağışın, günəşin altında rəngi solmuş şəhid şəkillərini və ya küləkdən tel-tel olmuş üç rəngli bayrağımızı bu halda görməmək diləyi ilə...

 

İlahə Vəliyeva, Üzeyir Ağayev, APA TV   

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR