Sərnişindaşımada qiymət artımı ilə bağlı şikayətlər niyə artıb?
Son dövrlər paytaxtdan rayonlara, eyni zamanda rayonlardan Bakıya səfər edən sərnişinlərin şəhərlər və rayonlararası sərnişindaşımada qiymət artımı ilə bağlı şikayətləri artıb.
APA TV xəbər verir ki, sözü gedən halla bağlı Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidməti ilə əlaqə saxlayıb, məsələnin mahiyyətini öyrəndik.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) sektor müdiri Nuridə Allahyarova qeyd edir ki, mütəmadi olaraq sərnişinlər sürücülərin tarifdə nəzərdə tutulmuş kassa biletlərinin qiymətindən daha yüksək ödəniş haqqı tələb etdikləri bağlı şikayət edirlər: “Həm Bakı Beynəlxalq Avtovağzal Kompleksinin daxilindən, həm də regionun 56-a yaxın Avtovağzal və Avtostansiya kompleksində biletlər kassalarda satılır. Kənar yerlərdən sərnişinlərin daşımalarını təşkil edən həmin avtobuslar, mikroavtobuslar qeyri qanuni daşımalardır. Qanuni daşıyıcılar tərəfindən belə hal olarsa, o zaman müntəzəm xətlərimizlə bağlı heç kəs sərnişinlərdən artıq vəsait tələb edə bilməz. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin əməkdaşları da, regional avtovağzallarımızın bütün heyəti də, qurumumuz da Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Avtomobil Nəqliyyatı Daşımaların Təşkili Məhdud-Məsuliyyətli Cəmiyyəti tərəfindən mütəmadi olaraq nəzarət təşkil olunur. Ona görə də heç kəs sərnişinlərdən artıq qiymət tələb edə bilməz”.
Qurumun sözçüsü onu da bildirdi ki, sərnişinlərin şikayəti olacağı təqdirdə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin tərkibində yerləşən məlumat mərkəzinə müraciət etsələr məsələ yerindəcə həllini tapacaq.
Qeyd edək ki, problemlərlə rastlaşan sərnişinlər 012-566-52-58 nömrəli Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Çağrı mərkəzinə zəng edə və BBAK.az saytından baxıb ətraflı məlumat ala bilərlər.