“Seyid Hüseyn” bəd duanı təmizləmək adı ilə qızıllarını oğurladı

# 18:37
16 sentyabr 2021

Sumqayıtda Həsənovlar ailəsi özünü “Seyid Hüseyn” kimi təqdim edən şəxsin fırıldağının qurbanı olub.

 

APA TV-nin məlumatına görə,  hadisə sentyabrın 14-də şəhərin “Xəzər bağları” yaşayış massivində  baş verib.  Sözügedən yaşayış massivində bir-bir qapıları gəzib özünü seyid kimi təqdim edən  həmin şəxs ərazidəki ev 435 ünvanına gələrək Həsənovlar ailəsinin etibarından sui-istifadə edib və onların 50 qrama yaxın qızılını və 100 manat pulunu mənimsəyib.

 

Ev sahibəsi Sonaxanım Həsənova APA TV-yə bildirib ki, gələn şəxsi əvvəl dilənçi zənn  ediblər. Amma sonradan həmin şəxs evə daxil olaraq ev sahibəsinə mətbəxin qapısında bədniyyətli cadu olduğunu deyib.  Həmin şəxs ev sahibəsindən mismar çıxaran və burğac alaraq mətbəxin qapısının çərçivəsini oyaraq oradan kağıza bükülmüş sap parçası çıxarıb. Kağızda bəd dua yazıldığını və sapların bir-birinə dolaşdığını deyərək ev sahibəsini bunun ailə üçün yaxşı əlamət olmadığına inandırıb.

 

 

O, ev sahibəsi Sonaxanım Həsənovadan 100 manat pul istəyib. Özündə pul olmadığından qonşuya keçən Sonaxanım Həsənovanın evdə olmadığından istifadə edən “Seyid Hüseyn” adlı şəxs evin gəlini Nuranə Həsənovanı yanına çağırıb və ona qızıllarının üstündə nəfs olduğunu deyib. Onu inandırıb ki, qızılları oxuyub üfürərək, nəfsi üstündən götürə bilər.

 

 

“Seyid Hüseyn”  ailədən 100 manatı  və 50 qrama yaxın qızıl əşyalarını - 2 qızıl dəsti, 1 bilərzik, 2 üzük, 3 ədəd sırğanı götürərək ailədən götürdüyü dəsmala büküb və məscidə bu dəsmalın üzərində namaz qılınmalı olduğunu deyib. O, ev sahibəsi Sonaxanım Həsənovanı inandırmaq üçün onunla birlikdə məscidə gedib namaz qılmaq adı ilə evdən çıxıb. Müəyyən məsafə qət etdikdən sonra həmin dəsmalı götürüb və Sonaxanım Həsənovaya evə qayıtmalı olduğunu bildirib. Həmin şəxs məscidə gedib-qayıdacağı vədi ilə aradan çıxıb.

 

Həsənovlar ailəsi baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Faktla bağlı araşdırma aparılır.

 

RAMİL ZEYNALLI, ƏLİ ƏLİYEV

SUMQAYIT

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR