Şirvanda 4 il əvvəl tikilən uşaq bağçası hələ də istifadəyə verilməyib

# 16:49
23 fevral 2023

Şirvan şəhərində məcburi köçkünlər üçün salınan yeni qəsəbədə 4 il əvvəl tikilən 140 çarpayılıq körpələr evi-uşaq bağçası fəaliyyətsiz qalıb. Bağçanın binası fəaliyyətsizlikdən aşınır. 4 ildir ki, istifadəsiz qalan binanın içərisində yaranan nəmişlik təmirli binanı şəraitsiz hala salıb. 

Sakinlər bildirir ki, qəsəbədə böyüyən uşaqlar bağça nədir bilmirlər. Uşaq bağçasının fəaliyyət göstərməməsi sakinlər üçün əlavə problemlər yaradır. Vətəndaşlar bildirir ki, evdə uşaq varsa bir nəfər mütləq onların yanında olmalıdır, əgər evdə hamı işləyirsə valideynlər uşaqları evdə tək qoymalı olur.

Qəsəbənin sakinləri deyirlər ki, bilmirik dərdimizi kimə deyək.

Məsələ ilə əlaqədar cavabdeh qurumlara müraciət etdik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bizə bildirildi ki, sözügedən uşaq bağçası 12 may 2020-ci ildən Füzuli rayon icra hakimiyyətinin balansına verilib, biz heç nə bilmirik. İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Buradan isə bildirildi ki, uşaq bağçası təhsil nazirliyinin balansındadır. Odur ki, biz də bir söz deyə bilmərik.  Vəziyyəti belə görüb Qarabağ Regional Təhsil İdarəsinin Füzuli rayonu üzrə təhsil sektoruna müraciət etdik. Sektor müdiri bildirdi ki, müəssisənin fəaliyyətinin bərpa olunması istiqamətində mühüm işlər aparılır. 

Qeyd edək ki, qəsəbədə 650 ailə yaşayır və bu ailələr uşaqlarının gələcəyi üçün dövlətin vəsaiti hesabına tikilən bu bağçaya ümid bağlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR