Şirvanda kanalizasiya problemi, Kürə axıdılan çirkab sular

# 17:03
15 sentyabr 2021

Şirvan sakinləri kanalizasiya xətləri ilə bağlı uzun illərdir ki, problem yaşayırlar. Ölkənin sənaye şəhərlərindən biri olan Şirvanın mərkəzi küçələrində vəziyyət yaxşı olsa da arxa küçələrdə bir o qədər də ürək açan deyil.

 

APA TV-nin yerli bürosunun bildirdiyinə görə, şəhərin bir tərəfində ümumiyyətlə kanalizasiya xətləri yoxdur, digər hissəsində isə kanalizasiya suları açıq kanallar vasitəsi ilə Kürə axıdılır.  

 

Köhnə şəhər yaşayış massivi adlanan ərazinin sakinlər deyir ki, açıq kanalizasiya xəttindən başqa xətt olmadığından əhali kanalizasiya sularını bu kanallar vasitəsi ilə Kür çayına axıdırlar. On illərdir ki, insanlar bu açıq kanalların üfunət iyinə dözməli olurlar. Sakinlər vəziyyətdən şikayətçidir:

 

 

-65 yaşım var. Kanalizasiya o vaxtdan yoxdur. Bunlar da ki, 3-4 yerdən Kür çayına tökülür. Başqa yer yoxdu tökülməyə.

 

 -İndi burda dayanmışıq iydən boğulursan. Günortadır ağcaqanad yoxdur. Axşamçağı bir tanışı, qonağı evə dəvət edə bilmirəm. İydən, natəmizlikdən, ağcaqanaddan. Hamısı içdiyimiz suya- Kür çayına axır. O sudan da biz istifadə edirik.

 

Şəhərin 2 mindən çox fərdi yaşayış evinin olduğu şərq hissəsində isə 20 ildir ki, ümumiyyətlə kanalizasiya xətti mövcud deyil. Sakinlər deyir ki, hər ay müvafiq xərc müqabilində kanalizasiya tullantıları xüsusi maşın vasitəsi ilə daşınır. Bu həm natəmizliyə və həm də ətrafda dəhşətli qoxunun yaranmasına səbəb olur.

 

Sakinlər bildirir ki, vəziyyət acınacaqlıdır:

 

-Bezmişik bunu çəkdirməkdən. Neçə ildir camaat burda zülm çəkir.

 

-10 ildir bu küçədə yaşayıram. Yağış yağanda sel bizi aparır. Kanalizasiyamız yoxdu. Xahiş edirik əncam çəksinlər. Bizə kanalizasiya çəksinlər.

 

-20 ildir mən burda yaşayıram. Bu illər ərzində hər il mən kanalizasiyaya 200-300 manat pul verirəm.

 

-Mən də 10 ildir bu məhəllənin sakiniyəm. 10 ildə biz ancaq cibimizin xərci ilə suları çəkirik. Bizim də xahişimiz odur ki, bura kanalizasiya çəkilsin. Camaat rahat nəfəs ala bilsin. Vəziyyət acınacaqlıdır. Kanalizasiya tullantıları çəkiləndə həyətdə durmaq olmur. Üfunət iyi ətrafı basır.

 

Məsələ ilə bağlı “Azərsu” ASC-ni mətbuat xidmətinin rəhbəri anar Cəbrayıllı ilə əlaqə saxladıq. O bildirdi ki, həmin məsələlərə Şirvan şəhərinin su təsərrüfatı və kanalizasiya sistemlərinin qurulması layihəsinin növbəti mərhələlərində baxılacaq: “Şirvanda əsas daşıyıcı kollektorlar yenilənib. Çılpaqlı, Hacıqəhrəmanlı qəsəbələri və digər ərazilərdə  şəbəkənin qurulması artıq növbəti mərhələlərdə Şirvan şəhərinin su təsərrüfatı və kanalizasiya sistemlərinin qurulması layihəsinin növbəti mərhələlərində o məsələlərə baxılacaqdır. Şirvan şəhərinin kompleks layihəsində həm də tullantı su təmizləyici qurğunun tikintisi öz əksini tapıb ki, bu tullantı su təmizləyici qurğu tikiləndə, əsas kollektorlar ora qədər çəkiləndə, şəbəkə qurulanda şəbəkə olmayan ərazilərdə həmin o ərazi sularının tullantıları cəmlənib təmizləyici qurğu vasitəsi ilə təmizlənib sonra kənarlaşdırılacaqdır.”

 

Əgər deyilənlərin tezliklə reallaşacağına inansaq deyə bilərik ki, Şirvan sakinlərinin kanalizasiya problemi yaxın gələcəkdə öz həllini tapacaq.

 

Əlibəy Zeynallı

Elçin Həsənov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR