Şirvanda şəhid Ramil Əliyevin xatirə lövhəsi açılıb

# 14:01
13 iyun 2021

Prezident İlham Əliyevin göstərişi ilə digər rayon və şəhər icra hakimiyyətlərində olduğu kimi, Şirvan Şəhər İcra Hakimiyyətində də Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradılıb.

 

APA TV-nin xəbərinə görə, yeni yaradılmış şöbənin müdiri vəzifəsinə Vətən Müharibəsinin iştirakçısı, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuş Elvin Azadxan oğlu Balayev təyin edilib.

 

Elvin Balayevin sözlərinə görə, şöbənin əməkdaşları müntəzəm olaraq şəhid ailələri ilə sıx əlaqədə olur, onların problemləri ilə əlaqədar müvafiq qeydlər aparır, onların məişət şəraitinin yaxşılaşdırılması məqsədilə mənzil növbəliliyi təmin edilir. Eyni zamanda Şirvan Şəhidlər Xiyabanında abadlıq-quruculuq işləri aparılır, xatirə lövhələrinin hazırlanması üçün hər bir şəhid ailəsinə müəyyən məbləğdə vəsait ayrılır.

 

Bundan başqa, Vətən Müharibəsinin qaziləri də diqqətdən kənarda qalmayıb. İcra hakimiyyəti tərəfindən yaradılan 6 mobil qrup tərəfindən qazilərin evləri mütəmadi ziyarət olunur, onların problemləri ilə maraqlanılır, işlə təminatlarına kömək göstərilir, maddi durumlarının yaxşılaşdırılması istiqamətində addımlar atılır. Qazilərimizin reabilitasiyası üçün də müəyyən işlər aparılır, dərmanlarla təmin olunur, müalicələri həyata keçirilir.

 

Elvin Balayev qeyd edib ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işində mühüm əhəmiyyətə malikdir və bütün dövlət orqanları öz fəaliyyətində bu məqamı nəzərə alır. Şirvan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Vətən Müharibəsinin şəhidi Ramil Vüqarəddin oğlu Əliyevin yaşadığı binanın həyətində xatirə lövhəsinin açılışı da bu məqsədə xidmət edir.

 

Açılış mərasimindən öncə Şirvan Şəhidlər Xiyabanında şəhid Ramil Əliyevin məzarı ziyarət edilib, ruhuna dualar oxunub. Mərasimdə müharibə veteranları, hərbçilər, şəhidin ailə üzvləri və müəllimləri çıxış ediblər. Məktəblilər vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər. Bildirilib ki, Ramilin oxuduğu məktəbdə onun xatirə guşəsi yaradılıb.

 

Anası Xuraman İsmayılova Ramili uşaq yaşlarından atasız böyüdüb: “Ramil bir yaş yarımından atasız böyüyüb. Bir bacı, bir qardaş olublar, çətinliklə böyüyüb. Müharibə dövründə mən arxa cəbhədə, Ramil də ön cəbhəyə ayın 29-da yollandı. İş yerindəydim. Ramilin getməyindən xəbərim yox idi. Komissarlıqdan yola saldım, getdi. Bir neçə yerin alınmasında iştirak etdi. Şuşada əlbəyaxa döyüşlərdə Ramil şəhadətə yüksəldi”.

 

Bacısı Gülşən Əlizadə isə deyir ki, qardaşı ilə qürur duyur: “Anam bizi lap balaca yaşlarımızdan atasız böyüdüb. Qardaşım Ramil çox mərd, cəsur və hay-küylü uşaq idi. Bloka girəndə bilirdik ki, gəlir. Düşmənin üzünə dik baxaraq şəhadətə yüksəldi. 29-da könüllü olaraq Şirvanı təmsil edərək döyüşə yollandı. Bir neçə yerin alınmasında iştirak edib, axır yeri Şuşa ətrafı olub. Mən qardaşımla fəxr edirəm”.

 

Qeyd edək ki, şəhid Ramil Əliyev 9 dekabr 1996-cı ildə Şirvan şəhərində dünyaya gəlib. Oktyabrın 29-da şəhidlik zirvəsinə yüksəlib, noyabrın 5-də isə Şirvan Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub. 

 

Əlibəy Zeynallı

Elçin Həsənov

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR