Su yox, yol yox, qaz yox, di gəl, yaşa

# 16:15
18 iyul 2022

“Qaynar xəttimizə gələn zəngin sorağı ilə Türkan bağları adlanan əraziyə yollandıq. Elə qəsəbənin girəcəyindən bərbad yollar qarşılayır adamı. Baxmayaraq ki, bizə içməli su ilə bağlı problemlərinin olduğunu demişdilər. Yayın istisində  içməyə  su tapmırlar. Amma böyük ehtimal, yolla bağlı da şikayətləri olacaq. Çünki 1-2 dəfə  keçmək kifayət edir ki, avtomobili ustaya aparasan”.

 

Hə, elə təxminimdə yanılmadım. Bizi görər-görməz “gəldiyiniz yolu gördünüzmü, o yolla adam keçə bilərmi” və s. kimi suallar verdilər. Sakinləri dinlədikcə anladıq ki, bu ərazinin problemləri sadalamaqla bitən deyil.

 

Burada su 30-40 metr dərinlikdən çıxır, özü də duzlu. Məsələyə  münasibət bildirən “Azərsu”ASC-nin mətbuat katibi Anar Cəbraıllı deyir ki, ərazinin içməli su ilə təmin olunması üçün müəyyən vəsait tələb olunur: “Azərsu” ASC-nin Abşeron yarımadası üzrə baş planında nəzərdə  tutulub ki, gələcəkdə dövlət investisiyaları hesabına  həmin ərazilərdə mərkəzləşdirilmiş şəbəkə yaradılsın. Bu dövlət tərəfindən təsdiqlənərsə,  "Azərsu"  həmin ərazilərdə işlərə başlayacaq".

 

Bəs yol? Sakinlər əzablı yollardan nə vaxt qurtulacaqlar?

 

Bəs görəsən sözügedən yol niyə  indiyədək təmir edilməyib. Niyə ən ucqar kəndin belə inkişaf elədiyi bir vaxtda bu yolda heç avtobusa da rast gəlmirik?

 

Əvvəlcə Xəzər rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Çünki ərazi ilə  bağlı aidiyyəti qurumlara məlumatı yerli icra qurumları verməlidir. Daha sonra  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi işə başlamalıdır.  İcra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov bildirdi ki, AAYDA –nı məsələ ilə bağlı məlumatlandırıblar. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü Anar Nəcəfli isə qeyd etdi ki, sözügedən yolun indiyədək təmir olunmamasına görə AAYDA məsuliyyət daşımır: “Həmin ərazi Agentliyin balansında deyil. Həmin ərazinin təmiri ilə  bağlı yerli icra strukturları tərəfindən Agentliyə müraciət olunmalıdır. Biz də  təqdimat veririk ki, investisiya proqramına salınsın və  təmir edilsin”.

 

O ki, qaldı əraziyə ictimai nəqliyyat məsələsinə... Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyir ki, əraziyə əməkdaşlar tərəfindən bir neçə dəfə baxış keçirilib: “Küçələrin ensiz və  dar olması, yol örtüyün vəziyyəti sərnişin avtobuslarının hərəkəti üçün uyğun deyil. Təbii ki, bu problemlər müvafiq qurumlar tərəfindən aradan qaldırıldıqdan sonra ərazinin marşurut xətti ilə digər ərazilərlə əlaqələndirilməsi məsələsinə baxıla bilər”.

 

Bütün bunlar azmış kimi ərazidə yaşayanların mavi yanacaq problemi də var.

 

Türkan bağlarındakı sakinlərin təbii qaz həsrətinə nə vaxt son qoyulacaq?

"Azəriqaz"ın sözçüsü Eldəniz Vəliyev deyir ki, sözügedən ərazinin qazlaşdırılması təmsil etdiyi qurumun gündəliyindədir: “Bu mərhələli şəkildə  həyata keçirilir. Əgər sakinlər bunu gözləmək istəmirlərsə, öz vəsaitləri hesabına lisünziyası olan podratçı şirkətlərlə anlaşıb evlərini  mavi yanacaqla təmin edə bilərlər. Burada vətəndaşlar tərəfindən hansısa vəsaitin istənilməsi absurd fikirdir. Lisenziyası olan podratçı şirkətlərin sakinlərdən istədiyi məbləğə və ya sövdələşməyə SOCAR “Azəriqaz” İB olaraq biz qarışmırıq. Sayğacların verilməsi SOCAR “Azəriqaz” İB tərəfindən ödənişsiz olaraq həyata keçirilir”

 

Bax belə... inanmaq istəyirik ki, çox yaxında  Türkan bağları sakinlərinin güzəranını ağırlaşdıran bu problemlər köklü şəkildə həll olunmayacaq. Axı onlar bizim insanlarımızdı. Bu qədər əzab-əziyyətə isə qətiyyən layiq deyillər.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR