Sumqayıtda ev sahibi ailəni yaşadığı evdən qovdu

# 14:36
15 avqust 2022

Sumqayıtda Qubadlı rayonundan olan məcburi köçkün ailəsi yaşadığı mənzildən çıxarılıb.

 

APA TV-nin məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayon adlanan hissəsində ev 31, mənzil 36-da baş verib.

30 ilə yaxındır ki, bu ünvanda məskunlaşan Qubadlı rayon sakini Musa Əsədov deyir ki, evdə olmadıqları vaxt mənzilin sahibi qapının qıfılını dəyişərək içəri daxil olub və onları evə buraxmayıb.

Sözügedən ünvana yollandıq.  Ev sahibi Nabat Mirzəyeva qapını açmasa da suallarımızı cavablandırdı. Məlum oldu ki, 2009-cu ildə Sumqayıt şəhər Məhkəməsi ev sahibi Nabat Mirzəyevanın mülkiyyətçisi olduğu 4 otaqlı mənzilin 2 otağında yerləşməsi  üçün qətnamə çıxarıb. Lakin 13 ildir ki, qətnamənin icrasına mənzildə məskunlaşan Əsədovlar ailəsi razı olmayıb.

 “Biz sındırıb etməmişik, sadəcə zamokumuzu dəyişmişik. Onlar laqonda ilə bax kəsib. Orda görürsünüz özləri kəsiblər. Biz burda nə gəzirik. Onlar çöldə nə gəzir. Çünki ev bizimdir, qərar bizimdir. 13 idir o sənədlər bizim əlimizdədir. Biz çöldəyik, onlar içəridə. İndi zamokumu dəyişmişəm, şəxsi zamokumu. Girmişəm içəri. Onlar da laqonda ilə söküblər.”

 

Məsələ ilə bağlı hüquqşünas Ruslan Mustafayev APA TV-yə bildirib ki, mülkiyyətçinin öz mənzilinə sahib çıxmasına qanuni əsaslar var. Lakin bir şərtlə: “Mənzil sahibi özünün mənzilə daxil olması ilə bağlı məsələ belədir ki, qanunvericilikdə belə bir maddə var. Hər kəs qanunla qadağan olunmamış formada öz hüquqlarını həyata keçirdə bilər. Öz hüquqlarının bərpa edilməsini tələb edə bilər. Özü hüquqlarının qorunması üçün hərəkətlər həyata keçirə bilər. Hansı ki, qanunla qadağan edilməyib. Həmin şəxsin öz mənzilinə daxil olması qanunla qadağan deyil.  Və onun mənzilini zəbt etmiş şəxsi də oradan çıxara bilər. Təbii olaraq burada zorakılıq aktı olmamamalıdır. Yəni xuliqanlıq halı kimi qiymətləndirilən hər hansı bir hərəkət olmamalıdır.”

Bəs görəsən mənzildən çıxarılan Qubadlı sakinləri harada yerləşdiriləcək?

Bu suala cavab tapmaq üçün üz tutduq Qubadlı rayon İcra hakimiyyətinə. Şifahi olaraq bildirildi ki, məsələ ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində işlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR