Şuşadakı üç məşhur darvazanın aqibəti necə olub? - Tək qalan Gəncə qapısının sirri

# 13:18
10 yanvar 2023

Ağa Məhəmməd şah Qaçarın, Çar Rusiyasının və ermənilərin çoxsaylı hücumuna sinə gərməsi ilə dillər əzbəri olan Şuşanın qala divarlarının böyük bir hissəsi tamamilə dağıdılıb. Tarixin bir çox amansız savaşlarının şahidi olan üç girişli bu qalanın təkcə “Gəncə” qapısı günümüzədək salamat qalıb. Digər iki darvaza isə yer üzündən silinib. 

 “Qala divarları ilə əhatə olunan Şuşa şəhərinin üç giriş qapısı olub. Gəncə, Ağoğlan və İrəvan qala qapısı... 1905, 1920 və 1992-ci ildə ermənilər şəhəri işğal etdikdə şəhərlə bərabər bu qala divarlarını da dağıdıb, qapıları isə tamamilə yox edib.”

Şuşa qalasının “Şərq”  və ya “Ağoğlan” qapısının adı şəhərin tarixindən bəhs edən sənədlərdə və bədii yaradıcılıq nümunələrində tez-tez çəkilir. 1848-ci ildə Rusiya İmperiyası dövründə şəhərin şərqində inşa edilən həbsxananın bir hissəsi qalaya birləşdirilir. Ağoğlan qapısının yeri dəyişdirilir və həbsxanaya giriş kimi istifadə edilməyə başlayır… Bununla da məşhur Ağoğlan qapısı tarixə qovuşur… 

 “Günümüzədək gəlib çatan sadəcə, “Gəncə” qala qapısıdır. Hazırda, biz Şuşa şəhərinin qərbində “İrəvan” qala qapısının qalıqları arasındayıq. Həmin dövrdə bu qala qapısının çox böyük əhəmiyyəti olub. İrəvan, yəni Qərbi Azərbaycandan, İrəvan xanlığından gələn mötəbər qonaqlar məhz bu qala qapısından keçib və şəhərə gələn yüklər bu qala qapısından keçib şəhərə daşınıb.”

Bəzi yazılı mənbələrdə “Xəlfəli” adı ilə tanınan “İrəvan” qapısının divarlarından çox az nişanə dövrümüzə qədər gəlib çatıb. Abidənin içəri hissəsində dörd istiqamətə keçidi olan tunelin qalıqları da diqqət çəkir. Eyni zamanda, divarların  yaxınlığında müəyyən ölçülərdə hücrələrə və ya onların izlərinə rast gəlmək olur.

 “İrəvan qala divarlarının yanında inşa olunan qala qapılarının yanında isə bu tikili inşa olunub. Tikilinin divarları kimi tavanı da daşla hörülüb. Ehtimal ki, qala qapısının mühafizəçiləri üçün tikilib bu tikili.”

1750-1752-ci illərdə Qarabağ xanı Pənahəli xanın göstərişi ilə tikilən Şuşa qalası 17-18-ci əsrlər feodal dövrünün memarlıq üslubuna aid nadir abidələrdəndir. İnşa olunduğu zaman uzunluğu 3,7 kilometr, hündürlüyü 8, eni 2,2 metr olan qala divarının hər 50 metrdən bir hissəsində müşahidə və döyüş bürcü tikilib.

Qalanın içində xan ailəsinin yaşadığı iç qala da mövcud olub. Onu  başqa abidələrdən fərqləndirən bir amil də yonulmamış, tikinti üçün nəzərdə tutulmayan daşlardan ucaldılması və memarının yerli sənətkarlar olmasıdır. Şəhərin qədim görkəmi ilə ancaq rus batal rəssamlığının məşhur nümayəndəsi Vasiliy Vereşaginin Şuşada çəkdiyi rəsmlərdə tanış olmaq mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR