Şuşaya heç kim belə getməmişdi: TARİXİ

# 22:02
25 yanvar 2022

“Bakı Beynəlxalq Avtovağzalındayıq. Buradan 30 ildən sonra ilk dəfə olaraq işğaldan azad edilən Şuşaya və Ağdama sərnişin avtobusları yola düşür. Birində vətəndaşlar, digərində  jurnalistlər olmaqla iki avtobus Şuşaya yola düşür. Çox sevinirəm”.

 

DANX-ın rəisi Anar Rzayev səfər haqqında məlumat verib: “Sərnişinlər hazırda avtobuslarda əyləşiblər. Bu, mərasimdə iştirak edənlər, habelə etməyənlər üçün, bir sözlə, hər birimiz üçün böyük bir xoşbəxtlikdir. B elə səfərlər işğaldan azad edilmiş torpaqlarımızda humanitar, sosial, eyni zamanda iqtisadi reinteqrasiya prosesində mühüm rol oynayacaq”.

 

Ümumilikdə 47 sərnişin uzun illərdən sonra ilk dəfə Şuşaya ayaq basacaqdılar. Hamı həyəcanlı idi. O qədər həyəcanlı ki, bir neçə saat yol getməyə səbrləri çatmır, bir an içində həsrətində olduqları yurd yerlərini görmək istəyirdilər.

 

Sərnişinlər çoxdandı bu günü gözlədiklərini deyir

 

Qürurluyam, inşallah 5-6 saatdan sonra Şuşada olacağıq.

 

Sərnişin Gülnarə Mustafayeva deyir ki, qürur dolu hislərlə Şuşaya gedirəm: “Elə mən də bu hisslərlə Şuşaya gedirdim. Özü də ilk dəfə. Yolboyu heç zaman görmədiyim, yalnız mavi ekranlarda gözəlliyinə, füsunkarlığına heyran qaldığım Şuşama çatacağım anı böyük səbirsizliklə gözləyirdim. Amma həm də içimdə bir qəhər var idi. Sanki kiminsə məni dindirməsini gözləyirdim ki, hönkür-hönkür ağlayam”.

 

Yolboyu dağıdılan evləri, erməni terrorunun ürəkdağlayan görüntülərini görəndə göz yaşlarıma hakim ola bilmədim. Sən demə, hər şey mavi ekranlarda gördüyümüzdən daha dəhşətli imiş. Amma içimdə bir rahatlıq da vardı. 44 günlük Vətən Müharibəsində işğalçılardan təmizlədiyimiz Şuşamızın yenidən dirçəldilməsinin, əvvəlki vəziyyətə qaytarılmasının rahatlığı.

 

Və bir neçə saatdan sonra biz mədəniyyət paytaxtımıza ilk qədəmlərimizi qoyduq. Bizi orada ilk olaraq Prezidentin Şuşa şəhəri üzrə xüsusi nümayəndəsi Aydın Kərimov və Şuşa rayon Polis Şöbəsinin rəisi Səməd Məhərrəmov qarşıladılar. Tarixi səfər iştirakçılarına Şuşada aparılan geniş tikinti-quruculuq işləri barədə məlumat verildi, belə səfərlərin mütəmadi xarakter alacağı bildirildi. Ardınca isə təhlükəsizlik məsələləri ilə bağlı səfər iştirakçılarına diqqətlə olmaları məsləhət görüldü.

 

Prezidentin Şuşa şəhəri üzrə nümayəndəsi Aydın Kərimov dövlət başçısının nəzarətində olan bu işlər çox yüksək templə gedir: “Şuşanın dirçəlməsi hamımızın ümdə vəzifəsidir. Bu sahədə fəaliyyət göstərən bütün qurumlar, təşkilatlar, şirkətlər var gücü ilə çalışacaq ki, proseslər ən tez zamanda başa çatsın. Bura gələn vətəndaşlar Şuşada müəyyən olunmuş marşrutla hərəkət edəcəklər, bununla bağlı həm Şuşa Qoruğunun əməkdaşları, həm də polis əməkdaşları kömək edəcəklər. Bugünkü səfərə gələnlər içərisində şuşalılar da var. Bu, Böyük Qayıdışın bir rəmzidir. Buna görə ölkə rəhbərliyinə bir daha təşəkkür edirik. Səfərə gələn şuşalılar əgər hər hansı xüsusi bir yerə səfər etmək istəsələr, doğma evlərinə, yaxud digər məkanlara baxmaq üçün Qoruq və polis əməkdaşlarına müraciət edə bilərlər.

 

30 ildən sonra ilk dəfə Şuşaya ayaq basanlardan biri də uşaqlığını burada keçirən Kamil Rüstəmov idi. Hisslərini belə ifadə etməkdə çətinlik çəkən Kamil dayının gözündən axan yaşlardan bəlli idi nə demək istədiyi: “Sevincimin həddi-hüdudu yoxdur. Buradan çıxdığım gün mənim yadımdan çıxmaz. Mən bu gün sevinc göz yaşları tökürəm.

 

Ümumiyyətlə, Şuşaya ilk sərnişin avtobuslarının yola düşməsi kimi tarixi ana həm şahidlik etmək, həm də iştirakçısı olmaq qismətimizdə imiş.

 

İlk ziyarət etdiyimiz məkan Şuşa qalası oldu. Bu da Xan qızı Natəvanın ev muzeyidir. İşğalda olduğu dönəmdə  erməni vandalları tərəfindən tanınmaz hala gətirilib. Hazırda təmir-bərpa işlərinə hazırlıq görülür.

 

Şuşada gedən geniş tikinti-quruculuq işlərinin və həyata keçirilən irimiqyaslı infrastruktur layihələrinin də şahidi olduq.

 

Şuşa şəhər Dövlət Qoruğunun əməkdaşı Tural Verdiyev deyir ki, təmir bərpa işləri qısa zamanda yekunlaşacaq: “Təmirdən sonra Prezidentin Şuşa şəhəri üzrə xüsusi nümayəndəliyinin  və  Şuşa şəhər qoruğu kimi fəaliyyət göstərəcək. Qarşıdakı heykəllər isə  Cənab Prezidentin təqdim etdiyi Üzeyir Hacıbəyovun, Natəvanın və  Bülbülün güllələnmiş heykəlləridir.

 

Bülbül demişkən, Şuşaya gəlib Bülbülün ev muzeyini ziyarət etməmək günahdır. Onun bir zamanlar yaşadığı, böyüdüyü bu muzey işğal dövründə tanınmaz hala salınsa da, indi əsaslı şəkildə  təmir olunaraq, ziyarətçilərin istifadəsinə verilib.

 

“Bu ağac 1871-ci ildə  əkilib Bülbülün ev muzeyinin qarşısında. Bu ağaca Murtuza uşaq ikən çıxıb və  quşların səsini təqlid etdiyi üçün ona xalq arasında Bülbül adı verilib. Muzeyin qarşısında olan bu güllələnmiş heykəl isə  erməni vandallarının mədəniyyətimizə qarşı törətdiyi vəhşilik nümunəsidir. Məhz sübut üçün də saxlanılıb  burada. Yanında isə  Bülbülün təzə və yeni büstü qoyulub”.

 

Bülbülün ev muzeyinin direktoru Fəxrəddin Hacıbəyli  deyib ki, Avropanın hər yerindən xarici qonaqlarımız olur və onlar Bülbülün ev muzeyini ziyarət edirlər .

 

Muzeylə tanışlıqdan sonra yolandıq Yuxarı Gövhərağa məscidinə.

 

Şuşada ümumilikdə 17 məscid var. 16-sı erməni vandalları tərəfindən dağıdılıb. Biri isə  günümüzə qədər gəlib çıxıb. Yuxarı Gövhərağa məscidində hazırda Heydər Əliyev fondu tərəfindən təmir-bərpa işləri həyata keçirilir. 

 

Ziyarət etdiyimiz məkanlar sırasında Vaqifin Muzey-Məqbərə Kompleksi və “Cıdır düzü” də var idi. Ən böyük arzumu da məhz “Cıdır düzü”ndə reallaşdırdım.

 

Artıq Şuşada yenidən bulaq suyunun şırıltısı, sərin və təmiz küləyin, bülbülün səsi dinlədiyimiz ən gözəl melodiyalardan olacaq. Elə ürəyimiz Şuşada və ürəyimizdə Şuşa ayrıldıq xarı bülbülün vətənindən. Bir daha gəlmək ümidilə…

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR