Tahir Mirkişili: “Maaşların yüksəldilməsi tariflərdəki artımları kompensasiya edəcək”

# 20:31
18 oktyabr 2021

Prezidentin oktyabrın 16-da imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı sayəsində sosial ödənişlərdə ciddi artımlar təmin ediləcək. 1 milyon 800 min nəfərədək vətəndaşı əhatə edəcək Sərəncam Prezident İlham Əliyevin siyasətində başlıca istiqamətlərdən biri olan həssas qrupların sosial müdafiəsini də təmin edəcək.

Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin sözlərinə görə, sərəncam insanların sosial rifahının daha da yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin daha da canlanması və iqtisadi artımın daha da sürətlənməsinə dəstək olacaq: “Ümumilikdə gözləntilər bundan ibarətdir ki, bu sərəncam insanların yaşayışına birbaşa təsir göstərəcək. Təxminən 2 milyona yaxın insanın təqaüdünün, əmək haqqının, sosial ödənişlərinin artırılması, minimum əmək haqqının artırılması yönündə tapşırıqlar qoyulmuşdur. Bu tapşırıqların icra olunması, bu kateqoriyadan olan insanlarının əmək haqqının əhəmiyyətli dərəcədə artmasına imkan yaradacaqdır. Dövlət tərəfindən minimum əmək haqqının artırılması, həm də özəl sektorda insanların maaşlarının artırılmasına təkan verəcək. Bu artım həm də sahibkarlıq fəaliyyətinin daha da canlanmasında motivasiya rolu oynayır”.

Təbii qaz və elektrik enerjisi üzrə tarif tənzimlənməsi ilə paralel olaraq maaşların yüksəldilməsi istiqamətində atılan addımlar tariflərdəki artımları kompensasiya etmək baxımından da ciddi addımdır. Dövlət siyasətinin mərkəzində vətəndaşın, onun rifahının durduğunu nümayiş etdirən amildir. Ekspert İlham Şaban işıq və qaz tariflərində qiymət artımının bazarda tələbatın çox olması ilə bağlı olduğunu deyir: “Azərbaycanda 1 noyabr tarixindən enerji daşıyıcılarının, yəni təbii qazın və elektrik enerjisinin qiymətlərində artım olacaq. Burda hər hansı bir qəribəlik yoxdur. Tələbat bazarda varsa onun qiyməti artır. Kəskin tələbat varsa qiymət daha çox artır. Sabah tələbat olmayacaqsa qiymətin kəskin ucuzlaşması da baş verəcək”.

Qeyd edək ki, ümumilikdə son üç ildə ölkəmizdə əhalinin sosial rifahın yaxşılaşdırılması üçün fərman, sərəncam, qanun və s. ibarət olmaqla 900-dən çox normativ-hüquqi akt qəbul edilib. Sosial təminat növləri üzrə ödəniş alanların sayı 160 min nəfər artaraq 2,4 milyonu ötüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR